Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda kirayə mənzillərdə yaşayan aztəminatlı ailələrin sosial müdafiəsi məsələsi aktual problemlərdən biri olaraq qalır.
Xüsusilə gəlirləri məhdud olan, sabit iş yeri və yaşayış şəraiti olmayan ailələr üçün kirayə xərclərini qarşılamaq ciddi çətinlik yaradır. Mövcud sosial yardım mexanizmlərinin bu kateqoriyadan olan vətəndaşların ehtiyaclarını nə dərəcədə qarşıladığı, kirayə münasibətlərinin rəsmiləşdirilməsindəki çətinliklərin sosial dəstəyə çıxışa necə təsir etdiyi isə müzakirə mövzusudur.
Bəs kirayədə yaşayan aztəminatlı ailələr dövlətin sosial dəstəyindən nə dərəcədə yararlana bilirlər?
Sosioloq Əhməd Rəhmənov “Cebheinfo.az”-a bildirib ki, kirayədə yaşayanlar demək olar ki, sosial dəstəkdən məhrumdur:
“Kirayə münasibətlərinin rəsmiləşdirilməsi zamanı vergi yükünün çox olması, sənədləşmə və VÖEN açılması ilə bağlı prosedurların çətinliyi səbəbindən ev sahiblərinin əksəriyyəti bu prosesə maraq göstərmir. Nəticədə kirayədə yaşayanların böyük hissəsi qeyri-rəsmi şəkildə yaşayır.
Əks halda kirayə qiymətlərinin artacağı ehtimalı var. İşlə bağlı problemlər də mövcuddur. İnsanların bir çoxu işsizlik səbəbindən Bakı ətrafında məskunlaşır. Məsələn, bu gün işi olduğu üçün Xırdalanda ev kirayələyir, sabah işini itirdikdə isə yenidən rayona qayıtmağa məcbur olur. Sosial yardımın təyin edilməsi ilə bağlı da çətinliklər var. Sosial qurumlar müxtəlif yollarla vətəndaşlara yardım göstərməkdən yayınmağa çalışırlar.
Xüsusilə də vətəndaşın vaxtilə adına VÖEN-in olması imtina üçün əsas gətirilən məsələlərdən birinə çevrilir. Özünüməşğulluq proqramında da oxşar problemlər mövcuddur. Məsələn, ötən il Sumqayıtda yaşayan Qarabağ veteranı Oqtay Əli oğlu Məmmədova avadanlıq almaq üçün müraciətinə imtina cavabı verilib.
Vətəndaş təkər təmiri ilə məşğul olmaq üçün avadanlıq istəyib. Yoxlama zamanı onun şəraitini araşdırmağa gələn şəxslər avtomobil mühərrikinin necə çıxarıldığı barədə sual veriblər”. Sosioloq qeyd edib ki, yəni imtina üçün müraciətin mahiyyətinə aidiyyəti olmayan sual ünvanlanıb və vətəndaş bu suala cavab verə bilmədiyi üçün ona mənfi cavab verilib. Bu kimi hallar çoxdur”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: Kirayə Əhməd Rəhmənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin