Kirayədə yaşayanlar cərimələnir: Problem böyüyür

15.05.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda kirayə mənzil bazarında ən çox rast gəlinən problemlərdən biri də kirayə müqavilələrinin rəsmi şəkildə bağlanmamasıdır.

Xüsusilə yeni tikili binalarda mənzilin “kupça”sının olmaması səbəbindən bir çox ev sahibləri kirayə müqaviləsi bağlamaqdan yayınır. Nəticədə isə həm kirayəçi, həm də ev sahibi hüquqi baxımdan risk altında qalır.

Son vaxtlar bəzi hallarda polis əməkdaşlarının kirayə qalan şəxslərin yaşadığı ünvanlara yaxınlaşaraq sənədlərlə maraqlanması bu məsələni yenidən gündəmə gətirib.

Vətəndaşlar bildirirlər ki, müqavilə olmadığı üçün özlərini narahat və müdafiəsiz hiss edirlər. Kirayə münasibətlərinin qeyri-rəsmi qalması gələcəkdə həm hüquqi mübahisələrə, həm də əlavə problemlərə səbəb ola bilər.

Bir çox insan kirayə müqaviləsi bağlamaqdan imtina edir. Səbəblərdən biri isə müqavilə prosedurlarının və bəzi şərtlərin insanlar üçün çətin və əlavə yük kimi görünməsidir.

Xüsusilə yeni tikili binalarda “kupça” problemi, qeydiyyat məsələləri, vergi öhdəlikləri və sənədləşmə prosesi həm ev sahiblərini, həm də kirayəçiləri rəsmi müqavilədən uzaqlaşdırır. Bir çoxları hesab edir ki, rəsmi müqavilə əlavə nəzarət, vaxt itkisi və maliyyə xərci yaradır.

Kirayə müqaviləsi vətəndaşlar üçün necə daha rahat və əlçatan hala gətirilə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, kirayə müqaviləsi qaydaları ilə bağlı müəyyən yumşalmalar edilməlidir:

“Kirayə müqavilələri notarial qaydada bağlanır və bunun üçün həmin əmlakın çıxarışı tələb olunur. Lakin əksər yeni tikilmiş binalarda və çıxarışsız fərdi yaşayış evlərində çıxarış olmadığı üçün notarial müqavilə bağlamaq mümkün olmur.

Bu səbəbdən də həmin mənzillərdə kirayədə yaşayan şəxslər müvəqqəti qeydiyyata düşə bilmirlər. Nəticədə isə onlar qeydiyyatsız yaşadıqlarına görə cərimə riski ilə üzləşirlər.

Digər tərəfdən, mənzilin çıxarışı olmasa belə, vətəndaş həmin əmlakdan gəlir əldə edirsə, məsələn, bir hüquqşünasın yanında və ya ofisdə kirayə müqaviləsi bağlaya bilər.

Bu isə o demək deyil ki, həmin şəxs vergi ödəməməlidir. Şəxs fiziki şəxs kimi VÖEN açaraq kirayə fəaliyyəti üzrə kod seçib vergisini ödəyə bilər”.

Ekspert qeyd edib ki, problemin əsas tərəfi isə çıxarışsız əmlaklarda yaşayan şəxslərin müvəqqəti qeydiyyata düşə bilməməsidir:

“Azərbaycanda qeydiyyat məsələsinə münasibət də fərqlidir. Belə ki, yeni bir şəxs mənzilə qeydiyyata düşdükdə, hətta bu müvəqqəti qeydiyyat olsa belə, həmin əmlak satılarkən, sökülərkən və ya ipotekaya qoyularkən qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. 

Əgər həmin şəxs razılıq verməzsə, əmlak üzərində prosedurların aparılması çətinləşir. Bu baxımdan, qaydalarda müəyyən yumşalmaların olması vacib sayılır. Müvəqqəti qeydiyyatda yaşayan şəxslərlə bağlı əmlak üzərində hüquqların məhdudlaşdırılması təklif olunur.

Çünki həmin şəxsin əmlakın satılması, sökülməsi və ya ipotekaya qoyulması ilə bağlı rəsmi razılığının tələb edilməsi artıq mülkiyyət sahibinin hüquqlarının pozulması kimi qiymətləndirilir.

Hesab olunur ki, qanunvericilikdə müəyyən dəyişikliklər edilərsə, bu sahədə mövcud problemlərin də aradan qalxmasına şərait yarana bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: kirayə evlər Elnur Fərzəliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью