Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizminə dair qaydalarında dəyişiklik edilib. Yeni qaydalara əsasən, kirayəçi müqavilədən 3 il sonra öhdəliyini başqa şəxsə ötürə bilər, lakin mexanizmdən yenidən istifadə etmək üçün 5 il gözləməlidir. Eyni zamanda, müraciətçilər üçün kredit tarixçəsi tələbi də müəyyənləşdirilib. Dəyişikliklər fonunda mənzilə ehtiyacı olan vətəndaşların bu mexanizmdən yararlanmaq imkanları və təklif olunan mənzillərin sayının tələbatı qarşılayıb-qarşılamaması məsələsi gündəmə gəlib.
Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov “Bakupost”a bildirib ki, dövlət aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, qazilərin, əlilliyi olan şəxslərin və digər imtiyazlı vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də mənzillərin güzəştli şərtlərlə, satmaq öhdəliyi ilə kirayəyə verilməsidir.
Bu mexanizm çərçivəsində vətəndaşlar mənzildə yaşamaqla yanaşı, ödənişləri başa çatdıqdan sonra onu öz mülkiyyətlərinə keçirə bilirlər.
Ekspertin sözlərinə görə, şərtlərin daha da asanlaşdırılması və mexanizmin əlçatanlığının artırılması aztəminatlı ailələrin, şəhid ailələrinin, qazilərin və digər imtiyazlı şəxslərin mənzil əldə etməsini asanlaşdıra bilər. Vətəndaşların əksəriyyəti bu yolla mənzil sahibi olmaq istəyir. Çünki onların şəhər mərkəzində kvadratmetri 3-4 min manata olan təmirsiz mənzilləri almaq üçün kifayət qədər büdcəsi yoxdur.
Həmçinin bu kateqoriyadan olan şəxslərin birdəfəlik ödəniş etmək imkanları məhduddur və gələcəkdə mənzilin bütün dəyərini birdəfəyə ödəmək üçün kifayət qədər vəsait toplaya bilmirlər. Buna görə də hissəli ödəniş sistemi onlar üçün böyük rahatlıq yaradır.
Anar Nəsirov qeyd edib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əmlak bazarı tələb və təklif prinsipi ilə işləyir. Lakin tikilən mənzillərin sayı tələbatı tam qarşılamadığı üçün mənzilə ehtiyac artır və növbələr yaranır. Onun fikrincə, bu problemin qarşısını almaq və vətəndaşların mənzil ehtiyacını daha tez qarşılamaq üçün tikilən binaların sayını artırmaq vacibdir.
Ekspert vurğulayıb ki, yeni binaların tikintisinin artırılması tələb və təklif arasındakı tarazlığı tam təmin etməsə də, növbələrin daha sürətlə irəliləməsinə və daha çox vətəndaşın bu imkandan yararlanmasına şərait yarada bilər.
Onun sözlərinə görə, vətəndaşların əksəriyyətinin nağd pulu olmadığı üçün hissəli ödəniş sisteminə üstünlük verirlər. İnsanlar başqa bir vətəndaşa kirayə haqqı ödəmək əvəzinə, həmin vəsaiti gələcəkdə öz mənzillərinə sahib olmaq üçün yönəldirlər. Ödənişlər başa çatdıqdan sonra isə mənzil tamamilə onların mülkiyyətinə keçir. Hazırda kirayədə yaşayan şəxslər üçün bu mexanizmdən yararlanmaq daha faydalı seçim ola bilər.
Vüsalə Hüseynova,
BakuPost