Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Rusiyada Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Kirill Budanov barəsində qiyabi həbs qərarı çıxarılıb.
Rusiya KİV-nin məlumatına görə, Budanov barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçilib.
Moskva onu hərbi əsirlərə və mülki əhaliyə qarşı guya qəddar rəftar etməkdə, Rusiyanın milli əmlakını talamaqda, insanların deportasiyasında və müharibə aparılmasının qadağan olunmuş üsullarından istifadə etməkdə ittiham edir.
Qeyd edək ki, 2023-cü ilin aprelində Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanov barəsində Rusiyada terror aktlarının təşkilində ittiham olunması ilə əlaqədar qiyabi həbs qərarı çıxarıb və o, beynəlxalq axtarışa verilib. Həmin ilin dekabrında Moskvanın Basmannı Rayon Məhkəməsi Ukrayna hərbi kəşfiyyatının keçmiş rəhbəri barəsində yenidən qiyabi həbs qərarı çıxarıb. Ona terror aktları ilə bağlı 104 epizod üzrə ittiham irəli sürülüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)