Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Abşeronda 58 yaşlı 61 yaşlı dostunu qətlə yetirib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki "Gənclər şəhərciyi" yaşayış kompleksinin həyətində baş verib. Həmin yaşayış kompleksində yaşayan 1968-ci il təvəllüdlü Eldar Məmmədov həmin binada yaşayan qonşusu, dostluq münasibətində olduğu 1965-ci il təvəllüdlü Maşallah Cəfərovla kafedə yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar kafedən çıxıb evlərinə gəliblər.
Hadisədən bir neçə saat sonra Maşallah Eldara zəng vuraraq, yenidən görüşmək istədiyini bildirib. Eldar evdən çıxmaq istəmədiyini desə də, sonradan dostlar görüşüblər. Görüş zamanı onlar arasında mübahisə yaranıb və Eldar üzərində gəzdirdiyi bıçaqla Maşallaha zərbələr endirib. Maşallah aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ifadə verən E.Məmmədov bildirib ki, hadisə söyüşə görə olub. O, qeyd edib ki, Maşallahla görüşüb kafedə çörək yeyib spirtli içki qəbul ediblər. Daha sonra Maşallah digər qonşularla kafedə qalıb, Eldar evə gəlib:
"Maşallah mənə zəng vurub yenidən kafeyə çağırdı. Dedim ki, gəlmək istəmirəm. Maşallah mütəmadi olaraq mənim evinə gedib-gəlirdi. O, içkili olanda aqressiv hərəkətlər nümayiş etdirirdi. Hadisədən 2-3 ay əvvəl içkili vəziyyətdə bizə gəlib məni döydü. Hadisə ilə bağlı heç yerə şikayət etmədim. Hadisə günü səhər görüşüb yemək yedik. Yemək yedikdən sonra mən evimə gəldim. Maşallah da bizə gəlmək istədi, razılıq vermədim. Günorta saat 12-də Maşallah mənə yenə zəng edərək, həyətə çağırdı. Yenidən kafeyə gedib araq içdik. Maşallah həyat yoldaşının xəstə olduğunu bildirib, məndən xahiş etdi ki, çöldən qoz yığıb onlara aparım. Mən ağacdan bir az qoz yığıb kafedə Maşallaha gətirdim. Həmin vaxt da Maşallah 3 nəfərlə yeyib-içirdilər. Mən də oturmaq istədim onlarla, Maşallah icazə vermədi. Evə gəlib araq içə-içə televizora baxırdım. Maşallah mənə zəng vurub, bacımın evdə olub-olmadığını soruşdu. Mən ona irad bildirdim ki, belə hərəkət eləmə. O mənə dedi ki, bacını da götür, gəl kafeyə. Sonra başladı bacımı söyməyə. Mən hadisə yerinə gedib, onunla məsələni aydınlaşdırmaq istədim. Maşallah yenidən bacımı söyə-söyə məni döyməyə başladı. Yaxınlıqdakı adamlar da kömək eləmədilər. İkimiz də içkili idik. Maşallahı bıçaqladığımı sonradan bildim. Həmin vaxt heç nədən xəbərim olmayıb".
Çıxışlardan sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Məmmədov 16 il 6 ay azadlıqdan məhrum edilib.