Icma.az bildirir, Moderator.az portalına istinadən.
Braziliyada kişi böyük sığorta ödənişi almaq üçün guya hücuma məruz qalaraq ayağını itirdiyini iddia edib, lakin istintaq tam fərqli nəticəyə gəlib...
Braziliyada bir kişi, iddialara görə, öz ayağını amputasiya edərək saxta hücum ssenarisi qurmağa və böyük sığorta kompensasiyası əldə etməyə cəhd etdikdən sonra dələduzluqda təqsirli bilinib.
Moderator.az xəbər verir ki, bu barədə "LADbible" nəşri yazıb.
Nəşr yazır ki, söhbət Vandreley dos Santos Qomesdən gedir. O, Rekonkavo da Bahia Federal Universitetində inzibati köməkçi işləyib. Məhkəmənin qərarına görə, 2019-cu ilin iyun-iyul aylarında o, gəlir səviyyəsinə uyğun olmayan dörd bahalı sığorta polisi (ümumi mümkün ödəniş təxminən 1,5 milyon real (təxminən 270 000 ABŞ dolları-red.) rəsmiləşdirib.
Saxta hücum iddiası və istintaqın şübhələri
Cəmi üç həftə sonra kişi San-Qonsalu-dus-Kampus şəhəri yaxınlığında yaralı halda tapılıb. O, sağ ayağının pəncə hissəsini itirib və guya oğurlanaraq hücuma məruz qaldığını iddia edib. Onun sözlərinə görə, hücum edənlər onun ayağını maçete ilə kəsib, oğurlanan əşyalar isə sonradan amputasiya olunmuş hissə ilə birlikdə çantada tapılıb.
Hadisədən sonra o, xəstəxanaya yerləşdirilib və 2019-cu il 15 avqustda sığorta şirkətlərinə ödəniş tələbi ilə müraciət edib. Lakin polis sığorta polislərinin bağlanması ilə "hücum" hadisəsi arasındakı qısa vaxt intervalına görə şübhələnib və araşdırma başladıb. İstintaq nəticəsində belə ehtimal irəli sürülüb ki, kişi yüksək ödəniş almaq üçün hadisəni özü təşkil edib.
Məhkəmə qərarı
Qomes ittihamları rədd edib və oğurluq hadisəsinin qurbanı olduğunu bildirib. Lakin Bahia ştatının məhkəməsi bu izahı qəbul etməyib. Məhkəmə-tibbi ekspertlər yaraların xarakterinin maçete zərbəsinə uyğun olmadığını, daha çox cərrahi alətlərdən istifadə olunmuş kimi "təmiz və dəqiq" amputasiyaya bənzədiyini qeyd ediblər.
Bütün sübutların təhlilindən sonra məhkəmə onu dələduzluqda təqsirli bilib və 2 il həbs cəzası təyin edib. Daha sonra hökm dəyişdirilib və cəza 720 saat ictimai işlər və 7 590 real (təxminən 1 370 ABŞ dolları-red.) məbləğində cərimə ilə əvəz olunub. Qomes bütün apellyasiya imkanlarını itirdikdən sonra 2020-ci ilin mayında cəzasını icra etməyə başlayıb.