Kişilər də xınayaxdı edir? Ənənə, yoxsa yeni dəb?

23.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Son dövrlər sosial şəbəkələrdə kişilər üçün də xınayaxdı mərasimlərinin təşkil olunmasına dair görüntülər yayılır. Ənənəvi olaraq Azərbaycan toy adətlərində qadınlara məxsus ritual kimi qəbul edilən xınayaxdının kişilər üçün də keçirilməsi cəmiyyətdə müzakirələrə yol açıb. 

Bəs bu yenilik milli-mənəvi dəyərlərimizə və əsrlərdən bəri formalaşan adət-ənənələrimizə nə dərəcədə uyğundur? Kişilər üçün xınayaxdı mərasimlərinin təşkili adətlərin müasirləşməsi kimi qəbul edilməlidir, yoxsa milli ənənələrin ilkin mahiyyətinin dəyişməsidir?

Mövzunu "AzPolitika"ya şərh edən sosioloq Nail Cəlil bildirib ki, xınayaxdı mərasimi Azərbaycan toy ənənələrinə xas olan və qadınlara aid edilən adətlərdən biridir:

"Adətən toy ərəfəsində keçirilən bu mərasim ölkəmizin müxtəlif bölgələrində fərqli formalarda yaşadılır və özünəməxsus xüsusiyyətləri ilə seçilir. Kişilərin də xınayaxdı mərasimi keçirməsi ilə bağlı məlumat adət-ənənələrlə bağlı müəyyən qarışıqlıq yaradıb. Ehtimal edirəm ki, ya məlumatsızlıq, ya da yanlış anlaşılma nəticəsində kişilərə xas olan toyöncəsi məclislərdən biri, “ciyər axşamı” xınayaxdı ilə səhv salınıb və yeni bir ənənə kimi təqdim olunur. Əslində, qadınların özünəməxsus mərasimləri olduğu kimi, kişilərin də toyla bağlı ənənələri mövcuddur. Kişilər arasında xınayaxdı deyil, əsasən yaxın dostların, qohumların və məhəllə sakinlərinin iştirakı ilə keçirilən məclislər təşkil olunur. Bunlardan biri də toy üçün kəsilən heyvanın ciyərinin qovrulması ilə müşayiət olunan “ciyər axşamı”dır. Bu adət Bakı kəndlərində və bölgələrdə daha geniş yayılıb, şəhər mərkəzində isə əsasən simvolik xarakter daşıyır".


Sosioloqun sözlərinə görə, xınayaxdının kişilər üçün də ənənəvi toy mərasimi kimi təqdim edilməsi Azərbaycan toy mədəniyyətinə xas yanaşma deyil və cəmiyyətdə birmənalı qarşılanmır:

"Fərdi seçimlərə hörmətlə yanaşmaqla yanaşı, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizin özünəməxsus xüsusiyyətlərini qorumaq da vacibdir. Qadınlara məxsus mərasimlər öz ənənəvi mahiyyətini saxlamalı, kişilər də özlərinə xas adətləri yaşatmalıdırlar. Məhz bu fərqliliklər toy mədəniyyətimizin zənginliyini və özünəməxsusluğunu qoruyub saxlayır".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью