Icma.az bildirir, Medicina portalına istinadən.
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır.
Medicina.az xəbər verir ki, cərrah İldus Muxametov sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər.
Bağırsaq xərçəngi, xüsusilə 40 yaşdan yuxarı insanların risk altında olduğu bir bədxassəli şiş növüdür.
"Çox vaxt kolorektal xərçəng heç bir aydın əlamət olmadan inkişaf edir və yalnız gec mərhələdə aşkar olunur. Lakin xəstəlik erkən mərhələlərdə çox yaxşı müalicə oluna bilir, buna görə də onun vaxtında aşkarlanması həyati əhəmiyyət daşıyır".
Muxametov müəyyən əlamətlər müşahidə edildikdə həkimə müraciət etməyi tövsiyə edir. O vurğulayır ki, əgər insanda anemiya yaranarsa və ya hemoqlobin səviyyəsi düşərsə, xərçəngin olub-olmadığını yoxlamaq üçün mütləq tibbi müayinədən keçmək lazımdır.
"Anemiya yoğun bağırsağın sağ hissəsində şişin olmasının əlaməti ola bilər. Əgər hemoqlobin səviyyəniz düşübsə, mütləq müayinədən keçməlisiniz".
Anemiya özünü necə büruzə verir? Onun əlamətlərinə dərinin solğunlaşması, tez yorulma, təngnəfəslik, başgicəllənmə, göz önündə "nöqtələr" və ya "ləkələr"in uçuşması, qulaqlarda küy və hətta cüzi fiziki gərginlik zamanı belə bol tərləmə daxildir.
Bundan əlavə, cərrah əlavə edir ki, qarında davamlı narahatlıq, məsələn, köp və ya qaz toplanması kimi hallar müşahidə olunarsa, xərçəng müayinəsindən keçmək lazımdır. Digər narahatedici əlamət isə qəbizliyin tez-tez təkrarlanmasıdır.
Muxametov vurğulayıb ki, kolorektal xərçəngin vaxtında aşkarlanması əsasən profilaktik müayinələr vasitəsilə mümkündür. 40 yaşdan sonra insanlar kolonoskopiya müayinəsindən keçməli və nəcisin gizli qana görə analizini verməlidirlər. Həmçinin, bağırsaq xərçəngindən daha yaxşı qorunmaq üçün sağlam həyat tərzi sürmək lazımdır: oturaq həyat tərzindən, siqaretdən, artıq çəkidən (piylənmədən), zərərli qidalardan və spirtli içkilərin həddindən artıq qəbulundan uzaq durmaq vacibdir.
Aygün Musayeva