Kişilərdə ginekomastiya SN mütəxəssisindən açıqlama

13.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kişilərdə süd vəzi nahiyəsinin böyüməsi cəmiyyətdə bəzən yalnız estetik problem kimi qəbul edilsə də, bu vəziyyətin arxasında hormonal dəyişikliklər, müəyyən xəstəliklər və digər amillər dayana bilər. Tibbdə ginekomastiya adlandırılan bu hal müxtəlif yaş dövrlərində müşahidə olunur və bəzi hallarda öz-özünə geriləsə də, müəyyən vəziyyətlərdə tibbi və ya cərrahi müdaxilə tələb edə bilər.

Ginekomastiyanın yaranma səbəbləri, digər oxşar vəziyyətlərdən fərqi, diaqnostikası və müasir müalicə üsulları barədə suallarımızı plastik, rekonstruktiv və estetik cərrah Tale Qasımov cavablandırıb.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

– Ginekomastiya nədir və kişilərdə hansı səbəblərdən yaranır?

– Ginekomastiya kişilərdə süd vəzi nahiyəsində vəzili toxumanın xoşxassəli çoxalması və böyüməsidir. Gündəlik dildə bu vəziyyət kişilərdə döş böyüməsi kimi tanınır. Böyümə bir tərəfdə və ya hər iki tərəfdə müşahidə oluna bilər. Bəzən gilə və onun ətrafında qabarıqlıq, sinə konturunda dəyişiklik və geyim altında nəzərə çarpan həcm artımı ilə özünü göstərir.

Ginekomastiyanın yaranmasında əsas amillərdən biri kişi orqanizmində testosteron və estrogen hormonları arasındakı tarazlığın dəyişməsidir. Estrogen süd vəzi toxumasının inkişafına təsir göstərir, testosteron isə bu təsiri tarazlaşdırır. Estrogen təsirinin artması və ya androgen təsirinin azalması nəticəsində süd vəzi toxumasında böyümə baş verə bilər.

Ginekomastiya fizioloji hormonal dəyişikliklər, dərman və bəzi maddələrin təsiri, eləcə də müxtəlif endokrin və sistemik xəstəliklərlə əlaqəli ola bilər.

Fizioloji səbəblərə yenidoğulmuş dövrü, yeniyetməlik və yaşlanma daxildir. Yenidoğulmuşlarda anadan keçən hormonların təsiri ilə müvəqqəti böyümə yarana bilər. Yeniyetməlik dövründə hormonal dəyişikliklərlə əlaqədar ginekomastiya tez-tez müşahidə olunur və bir çox hallarda 1–2 il ərzində geriləyir. Yaş artdıqca isə hormonal dəyişikliklər, bədən tərkibindəki fərqlər və yanaşı xəstəliklər bu ehtimalı artıra bilər.

Digər səbəblər arasında testosteron çatışmazlığı, hipoqonadizm, qalxanabənzər vəzin hiperfunksiyası, prolaktinlə əlaqəli bəzi hallar, qaraciyər və böyrək xəstəlikləri yer alır. Bəzi dərman vasitələri, hormonal preparatlar, anabolik steroidlər, spirtli içkilər və müəyyən rekreasion maddələr də hormonal tarazlığa təsir göstərə bilər. Nadir hallarda xaya və digər hormon ifraz edən şişlər də araşdırılmalıdır.

Bu səbəbdən ginekomastiyanın müalicəsində ilk növbədə onun yaranma səbəbinin müəyyənləşdirilməsi vacibdir.

– Ginekomastiyanın hansı formaları mövcuddur? Onu artıq çəki nəticəsində yaranan döş böyüməsindən necə fərqləndirmək olar?

– Ginekomastiyanı sinə nahiyəsində piy toplanmasından fərqləndirmək vacibdir. Tibbdə bu vəziyyətin üç əsas forması fərqləndirilir.

Həqiqi ginekomastiya süd vəzi vəzili toxumasının artması ilə xarakterizə olunur. Müayinə zamanı gilənin altında dairəvi və ya diskəbənzər, nisbətən sıx toxuma hiss edilə bilər. Bəzi hallarda ağrı və həssaslıq da müşahidə olunur.

Yalançı ginekomastiya, yəni psevdoqinekomastiya zamanı isə əsas dəyişiklik vəzili toxumada deyil, sinə nahiyəsində piy toxumasının artmasındadır. Bu hal daha çox artıq çəki və piylənmə ilə əlaqəli ola bilər.

Qarışıq formada isə həm vəzili, həm də piy toxumasının artıqlığı mövcud olur. Bu fərqləndirmə mühüm əhəmiyyət daşıyır, çünki müalicə üsulunun seçilməsi birbaşa toxumaların xüsusiyyətindən asılıdır. Bəzi hallarda yalnız liposaksiya, digər hallarda isə vəzili toxumanın cərrahi xaric edilməsi tələb oluna bilər.

– Ginekomastiyanın əsas əlamətləri hansılardır? Hansı hallarda mütləq həkimə müraciət etmək lazımdır?

– Pasiyentlərin əsas şikayəti sinə nahiyəsində həcmin artması, gilə ətrafında qabarıqlıq və sinə konturunun dəyişməsidir. Böyümə birtərəfli və ya ikitərəfli ola bilər.

Əsas əlamətlərə gilə və onun ətrafında ağrı, toxunma zamanı həssaslıq, gilə arxasında sıx vəzili toxumanın və ya kütlənin hiss edilməsi, sinə nahiyəsinin geyim altında nəzərə çarpması daxildir. Bununla yanaşı, bəzi kişilərdə estetik narahatlıq yaranır, sosial vəziyyətlərdə və fiziki fəaliyyət zamanı özlərini rahat hiss etmirlər.

Xüsusilə diqqət yetirilməli məqamlar da var. Sinə nahiyəsində böyümə ilə yanaşı gilədən qanlı və ya şəffaf ifrazat, gilənin içəri çəkilməsi, dəridə dəyişikliklər, qoltuqaltı limfa düyünlərinin böyüməsi, birtərəfli sərt və hərəkətsiz kütlə və ya sürətli böyümə müşahidə edilərsə, gecikmədən həkim müayinəsindən keçmək lazımdır.

Bu əlamətlər mütləq bədxassəli xəstəlik demək deyil, lakin əlavə araşdırma tələb edə bilər. Qeyd etmək lazımdır ki, ginekomastiya əksər hallarda xoşxassəli vəziyyətdir və özü-özlüyündə süd vəzi xərçəngönü xəstəlik hesab edilmir. Bununla belə, xüsusilə yetkin yaşda yeni yaranan və ya sürətlə dəyişən sinə böyüməsinin səbəbi mütləq araşdırılmalıdır.

– Ginekomastiyanın diaqnostikası necə aparılır? Hansı müayinələrə ehtiyac yaranır?

– Ginekomastiyanın diaqnostikasında ətraflı anamnez və fiziki müayinə əsas yer tutur. İlk növbədə böyümənin nə vaxt başladığı, nə qədər müddətdir davam etdiyi, ağrı və həssaslığın olub-olmaması, ölçüdə dəyişiklik, çəki dəyişiklikləri, yanaşı xəstəliklər və istifadə edilən dərmanlar barədə məlumat toplanır.

Plastik, rekonstruktiv və estetik cərrah müayinə zamanı sinə nahiyəsinin görünüşünü və toxuma xüsusiyyətlərini qiymətləndirir. Böyümənin birtərəfli və ya ikitərəfli olması, vəzili və piy toxumasının nisbəti, dərinin elastikliyi və artıq dəri miqdarı nəzərə alınır. Klinik ehtiyac olduqda endokrinoloq və digər mütəxəssislərin iştirakı ilə əlavə qiymətləndirmə aparılır.

Laborator müayinələr hər pasiyent üçün eyni siyahı üzrə təyin edilmir. Anamnez və fiziki müayinənin nəticələrinə əsasən testosteron, estradiol, LH, FSH, prolaktin, TSH və digər göstəricilər, həmçinin qaraciyər və böyrək funksiyası qiymətləndirilə bilər.

Fiziki müayinə nəticələri qeyri-müəyyən olduqda və ya şübhəli əlamətlər müşahidə edildikdə süd vəzi ultrasəs müayinəsi və ya mammoqrafiya təyin oluna bilər. Şübhəli törəmə aşkarlandıqda həkim qərarı ilə biopsiya kimi əlavə müayinələr də tələb oluna bilər. Xaya müayinəsi və ultrasəs müayinəsi də klinik vəziyyətə uyğun olaraq diaqnostik plana daxil edilə bilər.

Əsas məqsəd yalnız süd vəzi toxumasının böyüməsini müəyyənləşdirmək deyil, həm də bu vəziyyətə səbəb ola biləcək hormonal və sistemik problemləri aşkar etməkdir.

– Ginekomastiyanın müalicəsində hansı üsullardan istifadə olunur? Hər pasiyent üçün əməliyyat vacibdirmi?

– Ginekomastiyanın müalicəsi onun yaranma səbəbindən, davametmə müddətindən, toxumanın tərkibindən, simptomların ağırlığından və pasiyentin gözləntilərindən asılıdır. Hər pasiyent üçün eyni müalicə üsulunun tətbiqi düzgün yanaşma deyil.

İlk növbədə fizioloji səbəblər və mümkün əsas xəstəliklər qiymətləndirilməli, aşkar edilən səbəb aradan qaldırılmalı və ya müalicə olunmalıdır.

Yenidoğulmuş və yeniyetməlik dövründə yaranan fizioloji ginekomastiya bir çox hallarda zamanla geriləyir. Belə vəziyyətlərdə klinik göstərişlərə uyğun müşahidə kifayət edə bilər.

Ginekomastiyanın dərman və ya digər maddələrlə əlaqəli olduğu ehtimal edilirsə, həmin faktorun dəyişdirilməsi yalnız müalicə edən həkimin qərarı ilə aparılmalıdır. Hipoqonadizm və ya digər təsdiqlənmiş xəstəlik aşkarlandıqda isə müalicə əsas səbəbə yönəldilir.

Hormonal preparatların özbaşına qəbulu tövsiyə edilmir. Testosteron müalicəsi yalnız testosteron çatışmazlığı təsdiqlənmiş pasiyentlərdə həkim göstərişi ilə nəzərdən keçirilir. Digər hormonal dərmanların istifadəsi də yalnız seçilmiş klinik hallarda, fərdi risk və fayda qiymətləndirildikdən sonra mümkündür.

Uzun müddət davam edən, öz-özünə geriləməyən və ya səbəbə yönəlmiş müalicədən sonra qalan ginekomastiyada cərrahi müdaxilə nəzərdən keçirilə bilər. Davamlı fiziki narahatlıq və nəzərəçarpan psixoloji-estetik təsir də qərarın verilməsində əhəmiyyət daşıyır. Əməliyyatın uyğunluğu müayinə, diaqnostik nəticələr və pasiyentin gözləntiləri əsasında müəyyən edilir.

– Ginekomastiyanın cərrahi müalicəsində hansı üsullardan istifadə olunur?

– Ginekomastiyanın cərrahi müalicəsində əsasən üç yanaşmadan istifadə edilir.

Birinci üsul liposaksiyadır. Bu zaman xüsusi kanüllər vasitəsilə sinə nahiyəsindəki artıq piy toxuması xaric edilir. Liposaksiya əsasən psevdoqinekomastiyada və ya qarışıq formalarda piy komponentinin azaldılması üçün tətbiq olunur. Məqsəd sinə nahiyəsindəki artıq həcmi azaltmaq və daha uyğun kontur yaratmaqdır. Lakin vəzili toxumanın üstünlük təşkil etdiyi hallarda liposaksiya təkbaşına kifayət etməyə bilər.

İkinci üsul vəzili toxumanın cərrahi yolla xaric edilməsidir. Həqiqi ginekomastiyada böyümüş vəzili toxumanın çıxarılması tələb oluna bilər. Bu zaman toxuma uyğun cərrahi kəsik vasitəsilə xaric edilir. Kəsiyin yeri və həcmi toxumanın ölçüsünə, yerləşməsinə və pasiyentin anatomik xüsusiyyətlərinə əsasən seçilir.

Üçüncü üsul kombinə edilmiş yanaşmadır. Həm piy, həm də vəzili toxuma artıqlığı olduqda liposaksiya və vəzili toxumanın cərrahi yolla xaric edilməsi birlikdə tətbiq oluna bilər. Bu yanaşma hər iki komponentin korreksiyasına imkan verir. Dəri artıqlığı və sinə konturunun xüsusiyyətləri də nəzərə alınır. Bəzi pasiyentlərdə əlavə dəri korreksiyası və ya süd vəzi nahiyəsinin kiçildilməsi tələb oluna bilər.

– Əməliyyat necə planlaşdırılır və pasiyent əvvəlcədən nələri bilməlidir?

– Cərrahi plan hazırlanarkən vəzili və piy toxumasının miqdarı, dəri elastikliyi, dəri artıqlığı, gilə-areola kompleksinin mövqeyi və döş qəfəsinin ümumi quruluşu nəzərə alınır.

Məqsəd yalnız toxuma həcmini azaltmaq deyil, sinə nahiyəsinin bədən quruluşu ilə uyğun, mümkün qədər təbii konturunu formalaşdırmaqdır.

Əməliyyatdan əvvəl pasiyentlə müdaxilənin məqsədi, seçilən texnika, gözlənilən dəyişikliklər, mümkün məhdudiyyətlər və fərdi risklər ətraflı müzakirə edilməlidir. Pasiyent bilməlidir ki, hər iki tərəfin tam eyni görünməsi və mütləq simmetriyanın əldə olunması hər zaman mümkün olmaya bilər.

Dərinin elastikliyi, toxumaların sağalma xüsusiyyətləri və ilkin anatomik fərqlər əməliyyatın nəticəsinə təsir göstərən amillərdəndir. Buna görə də real gözləntilərin formalaşdırılması və məlumatlandırılmış razılıq əsasında qərar verilməsi mühüm əhəmiyyət daşıyır.

– Əməliyyatdan sonrakı bərpa prosesi necə keçir? Hansı risklər və məhdudiyyətlər mövcuddur?

– Əməliyyatdan sonrakı izləmə cərrahın fərdi göstərişlərinə uyğun aparılır. İlk dövrdə şişkinlik, göyərmə, həssaslıq və müvəqqəti kontur qeyri-bərabərliyi müşahidə oluna bilər. Sağalma prosesi pasiyentin toxuma xüsusiyyətlərindən, əməliyyatın həcmindən və tətbiq edilən texnikadan asılı olaraq dəyişir.

Sarğı, kompressiya geyimindən istifadə, yara baxımı, fiziki aktivliyə qayıdış və kontrol müayinələrin vaxtı əməliyyatı icra edən cərrah tərəfindən müəyyən edilir. Pasiyentin verilən göstərişlərə əməl etməsi və təyin olunmuş kontrol müayinələrdə iştirak etməsi vacibdir.

Artan ağrı, yüksək hərarət, qəfil və nəzərəçarpan şişkinlik, yara nahiyəsində ifrazat və ya digər narahatedici əlamətlər yarandıqda tibbi heyətlə əlaqə saxlanılmalıdır.

Hər bir cərrahi müdaxilədə olduğu kimi, ginekomastiya əməliyyatının da müəyyən riskləri mövcuddur. Bunlara qanaxma, hematoma, infeksiya, maye toplanması, çapıq toxuması, hissiyyat dəyişikliyi, kontur qeyri-bərabərliyi, asimmetriya, dəri və ya gilə-areola kompleksində qan təchizatı ilə bağlı problemlər və təkrar müdaxilə ehtiyacı daxildir.

Risklərin növü və ehtimalı pasiyentin fərdi vəziyyətindən və əməliyyatın həcmindən asılıdır. Heç bir cərrahi müdaxilə tam simmetriyaya və ya əvvəlcədən müəyyən edilmiş konkret nəticəyə zəmanət vermir. Buna görə də əməliyyat qərarı ətraflı konsultasiya və məlumatlandırılmış razılıq əsasında verilməlidir.

– Sonda ginekomastiya ilə bağlı narahatlığı olan kişilərə hansı tövsiyələri vermək istərdiniz?

– İlk növbədə, sinə nahiyəsində böyümə, qabarıqlıq, ağrı, həssaslıq və ya toxuma dəyişikliyi müşahidə edən şəxslərə mütəxəssis müayinəsinə müraciət etməyi tövsiyə edirəm.

Bu vəziyyəti yalnız estetik problem kimi qiymətləndirmək düzgün deyil. Çünki ginekomastiya bəzən hormonal dəyişikliklərin, dərmanların təsirinin və ya müəyyən xəstəliklərin əlaməti ola bilər.

Plastik, rekonstruktiv və estetik cərrahın qiymətləndirməsi, zərurət olduqda endokrinoloqla birgə aparılan müayinə problemin səbəbinin müəyyənləşdirilməsinə və uyğun müalicə üsulunun seçilməsinə kömək edir.

Əsas tövsiyəm odur ki, pasiyentlər özbaşına hormonal preparatlar qəbul etməsin, istifadə etdikləri dərmanları həkimlə məsləhətləşmədən dayandırmasın və problemin həllini gecikdirməsinlər. Vaxtında aparılan müayinə düzgün diaqnozun qoyulması və fərdi müalicə planının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью