Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
“Kişi sözünün ağası olar” - xalqımızın əsrlərin sınağından çıxaraq bu günümüzə qədər yaşatdığı bu müdrik deyim kişi xarakterinin ən mühüm xüsusiyyətlərindən birini - etibarı, məsuliyyəti və sədaqəti ifadə edir. Kişilik yalnız fiziki güclə, sərt görkəmlə və ya cəmiyyətdə tutulan mövqe ilə ölçülmür. Əsl kişilik verdiyi sözə sahib çıxmaqda, ailəsinə dayaq olmaqda, çətinliklər qarşısında sınmamaqda, ədaləti qorumaqda və mənəvi dəyərlərə sadiq qalmaqda təzahür edir.
Bu baxımdan noyabrın 19-da qeyd olunan Beynəlxalq Kişilər Günü yalnız təqvimdəki əlamətdar tarix deyil, həm də kişilərin cəmiyyətdəki mövqeyinə, ailə institutunun möhkəmlənməsindəki roluna, sağlamlığına və üzərinə düşən məsuliyyətlərə diqqət yetirmək üçün mühüm fürsətdir.
Maraqlıdır ki, bu günün yaranma tarixi də müəyyən mənəvi məna daşıyır. Beynəlxalq Kişilər Gününün müasir formatı 1999-cu il noyabrın 19-da Trinidad və Tobaqoda təsis edilib. Bu təşəbbüsün müəllifi Qərbi Hindistan Universitetinin tarix müəllimi doktor Cerom Tiluksinqdir. Beynəlxalq Kişilər Gününün rəsmi təşkilatçı platformasında yer alan tarixi məlumatlara əsasən, Tiluksinq bu tarixi atasının doğum gününə hörmət əlaməti olaraq seçib. O, atasının nümunəsini əsas götürərək cəmiyyətdə müsbət kişi obrazının təbliğini, atalıq məsuliyyətinin və sağlam ailə münasibətlərinin təşviqini qarşıya məqsəd qoyub.
Əslində, kişilərə həsr olunmuş beynəlxalq günün təsis edilməsi ideyası daha əvvəllər də gündəmə gəlmişdi. Hələ ötən əsrin 60-cı illərindən etibarən müxtəlif ölkələrdə belə bir günün qeyd olunması ilə bağlı təşəbbüslər irəli sürülürdü. 1990-cı illərdə ABŞ, Avropa və Avstraliyada müəyyən tədbirlər keçirilsə də, bu təşəbbüslər davamlı beynəlxalq ənənəyə çevrilməmişdi. Məhz 1999-cu ildə Trinidad və Tobaqoda yenidən gündəmə gətirilən təşəbbüs sonradan müxtəlif ölkələrdə yayılaraq beynəlxalq xarakter aldı.
Böyük Britaniya Parlamentinin Kitabxanasının 18 noyabr 2026-cı il tarixli araşdırma materialında Beynəlxalq Kişilər Gününün altı əsas istiqaməti göstərilir. Bunlara müsbət kişi nümunələrinin təbliği, kişilərin ailəyə və cəmiyyətə verdiyi töhfələrin qiymətləndirilməsi, kişi və oğlanların sağlamlığının qorunması, onların üzləşdiyi ayrı-seçkilik hallarına diqqət yetirilməsi, gender münasibətlərinin yaxşılaşdırılması və hər kəs üçün daha təhlükəsiz cəmiyyətin formalaşdırılması daxildir.
Bu istiqamətlər bir həqiqəti ortaya qoyur: kişi olmaq yalnız hüquq və imkanlardan istifadə etmək deyil, eyni zamanda məsuliyyət daşımaq, qayğı göstərmək və başqalarının həyatında müsbət iz qoymaqdır.
Ailə hər bir cəmiyyətin mənəvi təməlidir. Bu təməlin möhkəmliyində atanın, həyat yoldaşının, qardaşın və övladın rolu əvəzsizdir. Övlad üçün ata yalnız ailənin maddi təminatçısı deyil, həm də ilk müəllim, həyat dərsi verən, davranışı ilə nümunə göstərən insandır. Atanın söylədiyi sözlərdən daha çox, etdiyi hərəkətlər uşağın xarakterinin formalaşmasına təsir göstərir. Məhz buna görə də məsuliyyətli atalıq, övlad tərbiyəsində iştirak və ailədə sağlam mənəvi mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Kişilərin sağlamlığı da diqqətdən kənarda qalmamalı məsələlərdəndir. Cəmiyyətdə bəzən kişilərin çətinliklərə dözməli, narahatlıqlarını gizlətməli, sağlamlıq problemlərinə əhəmiyyət verməməli olduğu düşünülür. Halbuki sağlamlığın qorunması, vaxtında tibbi müayinələrdən keçmək, fiziki və psixoloji rifaha diqqət yetirmək zəiflik deyil, özünə və ailəsinə qarşı məsuliyyətin göstəricisidir. Beynəlxalq Kişilər Gününün əsas məqsədlərindən biri də bu məsələlərə ictimai diqqəti artırmaqdır.
Azərbaycan cəmiyyətində də kişi obrazı tarixən mərdlik, qeyrət, vətənpərvərlik, sözübütövlük və ailəyə sədaqət kimi dəyərlərlə səciyyələnib. Xalqımızın milli-mənəvi yaddaşında ata adı həmişə böyük hörmət və ehtiramla çəkilib. Oğullarına düzgün yol göstərən, ailəsinin namusunu və şərəfini qoruyan, zəhməti ilə övladlarına halal çörək qazandıran, Vətənin ağır günündə məsuliyyətdən yayınmayan kişilər cəmiyyətin mənəvi dayağı olublar.
Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi də bu keyfiyyətlərin parlaq nümunələri ilə zəngindir. Vətən uğrunda canından keçən şəhidlərimizin, torpaqlarımızın müdafiəsində fədakarlıq göstərən qazilərimizin və bu gün ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan hərbçilərimizin həyat yolu kişilik, sədaqət və Vətənə bağlılıq anlayışlarının ən uca təcəssümüdür. Onların fədakarlığı göstərir ki, əsl qəhrəmanlıq sözlə deyil, əməllə ölçülür.
Bununla yanaşı, müasir dövrdə kişilərin cəmiyyətdəki rolu yalnız ənənəvi ailə vəzifələri ilə məhdudlaşmır. Elm, təhsil, səhiyyə, iqtisadiyyat, dövlət idarəçiliyi, mədəniyyət və digər sahələrdə çalışan, öz bilik və bacarığı ilə ölkənin inkişafına töhfə verən kişilər də ictimai tərəqqinin mühüm iştirakçılarıdır. Onların zəhməti, peşəkarlığı və məsuliyyətli fəaliyyəti ölkənin gələcəyinə xidmət edir.
Beynəlxalq Kişilər Gününün əsas fəlsəfəsi qadınlarla kişiləri qarşı-qarşıya qoymaq deyil. Əksinə, cəmiyyətdə qarşılıqlı hörmətin, bərabər imkanların, ailə və sosial məsuliyyətin gücləndirilməsidir. Güclü ailə yalnız bir tərəfin fədakarlığı ilə deyil, qarşılıqlı anlayış, etibar və dəstəklə formalaşır. Qadının cəmiyyətdəki mövqeyinə hörmətlə yanaşan, övladlarının tərbiyəsində iştirak edən, ailəsinin sevincini də, qayğısını da bölüşən kişi sağlam cəmiyyətin qurulmasına öz töhfəsini verir.
Noyabrın 19-u münasibətilə kişilərin əməyini, fədakarlığını və cəmiyyətin inkişafına verdiyi töhfələri bir daha xatırlamaqla yanaşı, gələcək nəsillərə hansı mənəvi dəyərlərin ötürülməli olduğu barədə də düşünməliyik. Çünki sabahın məsuliyyətli vətəndaşı bu gün ailəsində gördüyü nümunələrdən formalaşır.
Unutmayaq ki, kişinin əsl ucalığı onun sahib olduğu sərvətlə deyil, qoruduğu dəyərlərlə, qazandığı etibarla, yetişdirdiyi övladlarla və Vətəninə, xalqına göstərdiyi sədaqətlə ölçülür. Kişilik bir günün deyil, ömür boyu daşınan məsuliyyətin adıdır.
Nurəngiz Adilqızı
XQ