Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təhsil yalnız məktəb və məktəb mühiti ilə məhdudlaşmır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli professor Ziya Səlcuqun ustad dərsi və “Qırx dəfə demişəm” kitabının təqdimatı zamanı bildirib.
M.Kərimli qeyd edib ki, valideynlər uşaqlara müəyyən davranışları tövsiyə etsələr də, onların öz davranışları da uşaqlar üçün nümunədir:
“Uşaqlar bizi yalnız dinləmirlər, həm də müşahidə edirlər. Biz uşağa deyirik: ‘Sakit danış’. Amma özümüz əsəbiləşəndə yüksək səslə danışırıq. Deyirik: ‘Kitab oxu’. Amma onlar bizi telefonla məşğul olduğumuzu, ekrana baxdığımızı görürlər. Sonra isə deyirik: ‘Qırx dəfə demişəm’”, – deyə o bildirib.
Nazirlik rəsmisi vurğulayıb ki, valideynlər yalnız öz övladlarını tərbiyə etməklə kifayətlənməməli, valideynlik rolunda özləri də daim öyrənməlidirlər:
“Çünki heç birimiz dünyaya valideyn diplomu ilə gəlmirik. Biz uşaqlarla birlikdə öyrənirik”, – M.Kərimli deyib.
O əlavə edib ki, təqdim olunan kitabda valideyn, müəllim və şagird arasında yaranan kommunikasiya maneələri və psixoloji çətinliklər elmi yanaşmalar və praktiki tövsiyələr əsasında izah olunur.
M.Kərimli kitabın Azərbaycanda valideynlər və təhsil işçiləri üçün faydalı mənbə olacağına ümid etdiyini bildirib.
Zeynəb Rzayeva