525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası Bakıda 21-25 oktyabr tarixlərin keçirilən Beynəlxalq Kitab Sərgisində Krallığın pavilyonunun açılışını edib.
525.az xəbər verir ki, pavilyonda dövlət qurumları və mədəniyyət təşkilatları bir araya gələrək Krallığın milli mədəni mənzərəsini hərtərəfli şəkildə təqdim edirlər.
Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası Səudiyyə Ərəbistanı Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 11 sahəvi komissiyadan biridir. Sərgidə iştirak Komissiyanın Səudiyyə Ərəbistanının ədəbi istedadlarını dəstəkləmək, Krallığın ədəbiyyat mühitini tanıtmaq və iki ölkə arasında mədəni mübadiləni daha da gücləndirmək istiqamətində davamlı səylərinin tərkib hissəsidir.
Pavilyonda Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyasının rəhbərliyi altında bir sıra Səudiyyə Ərəbistanı dövlət qurumları və mədəniyyət təşkilatları bir araya gəlib. Bu, Krallığın ədəbiyyat, nəşriyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlarını vahid milli platformada təqdim etməyə imkan yaradır.
Sərgi müddətində Komissiya Səudiyyə Ərəbistanı və ərəb ədəbiyyatının zənginliyini və müxtəlifliyini nümayiş etdirəcək. Təqdim olunan nəşrlər arasında Komissiyanın “Tarjim” təşəbbüsü çərçivəsində dəstəklənən tərcümə kitabları da yer alacaq. Sözügedən təşəbbüs indiyədək ərəb dilindən digər dillərə və digər dillərdən ərəb dilinə 3200-dən çox kitabın tərcüməsinə dəstək göstərib.
Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyasının baş icraçı direktoru doktor Əbdüllətif Əl-Vasil sərgidə iştirakla bağlı bildirib:
“Builki Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməkdən şərəf duyuruq. İştirakımız Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmliyini əks etdirir. Pavilyonumuz ziyarətçilərə Krallığın ədəbi və yaradıcı müxtəlifliyi ilə tanış olmaq imkanı yaradır”.
Sərgidə iştirak Komissiyanın bu sahənin inkişafını dəstəkləmək, qlobal mədəni dialoqu genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha təsdiqləyir.
Pərvanə Sultanova