Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün görkəmli ədib, böyük maarifçi Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı general-mayor İsmayıl bəy Qutqaşınlının anadan olmasının 220 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar – “Ədəbiyyat tariximizdə parlaq imza: İsmayıl bəy Qutqaşınlı – 220” adlı biblioqrafik icmal və “Bir yurda fəxarət” adlı videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda İsmayıl bəy Qutqaşınlının Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçı olmasından, iki dəfə müqəddəs Həcc ziyarətində olan ədibin bu səyahəti ilə əlaqədar "Səfərnamə" adlı yol qeydlərini yazmasından, yaradıcılığının şah əsəri olan "Rəşid bəy və Səadət xanım" hekayəsindən bəhs olunur.
Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində mühüm mövqeyə malik İsmayıl bəy Qutqaşınlının ədəbi irsinin təbliği məqsədilə hazırlanan materiallarda ədibin həyat və yaradıcılığının əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, “Tarixdə iz buraxanlar: İsmayıl Bəy Qutqaşınlı” və “Ədəbiyyat tariximizdə parlaq imza” adlı məqalələrin tam mətni təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən biblioqrafik icmalda İsmayıl bəyin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat məqalələrinin siyahısı yer alır.
“Bir yurda fəxarət” adlı videomaterialda İsmayıl bəy Qutqaşınlının ədəbi yaradıcılığı ilə yanaşı parlaq hərbi fəaliyyətindən də bəhs edilir, onun Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı olması qeyd edilir.
Material kitabxananın rəsmi saytında yerləşdirilib.