Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kitabxanaların məhdudlaşdırılması, urvatdan salınması yaxşı hal deyil. Kitabxanalar məscidlər qədər müqəddəsdir” .
Gununsesi.info bildirir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ekspert Tural İrfan deyib:
“Müasir mütərəqqi resurslar kitabın, kitabxananın yerini verə bilməz. Kitabxana məbəddir. Kitab ətri, kitabxana qoxusu, onun yaratdığı nostalji hisslər özü mənəvi – psixoloji yöndən tərbiyə, əxlaq, etika, esteka deməkdir.
Kitablar, kitabxanalar həm mövcud olduğu yerin, məntəqənin, şəhərin tarixidir, yaddaşıdır, mədəniyyətinin tərkib hissəsidir. Əksinə rayonlarda, kəndlərdə kitabxanaları təmir etmək, zənginləşdirmək lazımdır.
Kitabın, kağızın öz ruhu var, özünəməxsus cazibəsi, ecazı, təravəti var. Kitaba xor baxmaq keçmişə, tarixə, mədəniyyətə xor baxmaqdır.
Gənc nəsil daha çox internetə meyl etsə də kitab oxuyanlar da çoxdur. Əsasən insanları kitabdan uzaqlaşdıran sosial problemlər, qayğılar olsa da savadlı, ziyalı təbəqə hələ də kitaba bağlıdır. Kitabxanaların hörmətdən salınması, kitabdan soyutmaq mədəni dəyərlərin tənəzzülüdür”.
Günay