Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Yanvarın son həftəsində Danimarka və Qrenlandiya liderləri ABŞ-la mümkün razılaşma məsələsində Avropanın dəstəyini qazanmaq üçün Berlin və Parisdə danışıqlar aparacaqlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
KİV-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən hazırlanmış “çərçivə sazişi” danışıqlara yol açıb. Danimarka hökumətinin açıqlamasında bildirilir ki, Berlində Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Ümumdünya İqtisadi Sammitində iştirak edəcək və geosiyasi vəziyyəti müzakirə etmək üçün siyasətçilər və diplomatlarla görüşəcəklər.
“Frederiksen və Nilsen çərşənbə günü Fransa prezidenti Emmanuel Makronla işgüzar nahar üçün Parisə yollanacaqlar. Onlar Arktikada təhlükəsizlik məsələlərini, həmçinin Fransa və Avropa İttifaqının dəstəkləməyə hazır olduğu Qrenlandiyanın iqtisadi və sosial inkişafını müzakirə etməyi planlaşdırırlar”, — deyə Bloomberg Yelisey sarayına istinadən yazır.
Nəşr qeyd edir ki, Qrenlandiya ilə bağlı razılaşma faydalı qazıntıların çıxarılması hüququna, adada NATO-nun roluna və “Danimarka ilə ABŞ arasında müdafiə münasibətlərinə” aid olacaq.
Məryəm Quliyeva