Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Ukraynanın enerji infrastrukturuna fasiləsiz şəkildə həyata keçirdiyi intensiv hava hücumları paytaxtda həyatı demək olar ki, iflic edib.
"Cebheinfo.az" xəbər verir ki, Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Ukraynanın paytaxtı Kiyev Rusiyanın enerji infrastrukturuna yönələn davamlı hücumları səbəbilə “insani fəlakətin astanası”ndadır.
Qəzet şəhərdə vəziyyətin nə qədər ağır olduğunu, eləcə də şəhər rəhbərliyi ilə mərkəzi hökumət arasında yaranan gərginliyi üzə çıxaran diqqətçəkən detallara yer verib.
Nəşrin məlumatına görə, vəziyyət o həddə çatıb ki, bəzi evlərdə unitazlar istifadəyə yararsız qalıb, çünki su borularda donub.
Rəsmilər xəbərdarlıq edirlər ki, kanalizasiya və su təchizatı sistemləri təcili şəkildə bərpa olunmasa, xəstəliklərin yayılması və şəhərin tam iflic olması riski yaranacaq. Milli Böhran Qrupunun rəhbəri Taras Zaqorodniy vəziyyəti belə təsvir edir:
“Su həlledici amildir. Ruslar bu qədər böyük bir şəhərin su təchizatını kəsməyə davam edərsə, bu, tam çöküş riski yaradar”. Qəzet iddia edir ki, yanvar ayı ərzində təxminən 600 min nəfər paytaxtı tərk edib. Daha diqqətçəkən məqam isə Kiyev meri Vitali Kliçko ilə Prezident Volodimir Zelenski arasında yaranan açıq gərginlikdir.
Kliçko Zelenskini ölkənin birliyə ən çox ehtiyac duyduğu bir məqamda “ağılsız” siyasi qarşıdurmanı qızışdırmaqda ittiham edir.
“The Timesın” yazdığına görə, Kliçko böhranı müzakirə etmək üçün Zelenski ilə görüşmək istəsə də, bu tələb rədd edilib. Elektrik enerjisi istehsalı və hava hücumundan müdafiəyə cavabdeh olan mərkəzi hökumətlə yerli idarəetmə arasında əlaqənin olmaması böhran idarəçiliyini daha da çətinləşdirir.
Kliçko böhranın əsas səbəbini açıqlayıb:
“Son iki raket hücumu birbaşa Kiyevdəki istilik stansiyalarını hədəf alıb. Bu, Rusiyanın uzun müddətdir davam etdirdiyi – Ukraynanın enerji şəbəkəsini çökdürmək və mülki əhalinin mənəvi dözümünü sarsıtmaq strategiyasının tərkib hissəsidir”.
Qışın ən sərt dövründə istilik və elektrikdən məhrum edilən əhali həm fiziki, həm də psixoloji baxımdan ciddi təzyiq altındadır.
Bu proseslər müharibənin daha qəddar və riskli mərhələyə keçdiyini göstərir. Rusiya artıq təkcə hərbi hədəfləri deyil, müasir paytaxtın normal fəaliyyətini təmin edən əsas infrastrukturu da hədəfə alır.
Məqsəd Ukraynanın müqavimət gücünü sarsıtmaq və hökuməti əhalinin əsas ehtiyaclarını ödəyə bilməyən vəziyyətə salmaqdır.
Müharibənin yaratdığı fövqəladə stress Ukraynanın siyasi birliyində də çatlar formalaşdırmağa başlayıb.
Kliçko–Zelenski qarşıdurması müharibə dövründə idarəetmənin çətinliklərini və resursların bölüşdürülməsi ilə bağlı ziddiyyətləri üzə çıxarır.
“The Times” kimi beynəlxalq mediada yayımlanan bu cür materiallar beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və Qərb müttəfiqlərindən təcili yardım çağırışlarını gücləndirmək məqsədi daşıyır. “İnsani fəlakət” xəbərdarlığı Rusiyaya qarşı siyasi və hərbi təzyiqi artırmaq üçün istifadə olunur.
Qəzetin hesabatı Kiyevdə vəziyyətin nə qədər həssas nöqtəyə çatdığını göstərir. Fiziki dağıntılarla yanaşı, əsas xidmətlərin çökməsi, kütləvi köç və daxili siyasi gərginlik paytaxtı real çöküş təhlükəsi ilə üz-üzə qoyur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin