Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Qərb tərəfdaşlarının Ukraynaya enerji bərpası üçün vəd etdiyi yüz milyonlarla dollar, Ukrayna enerji şəbəkəsinin dağıdılmasına və qeyri-adi dərəcədə soyuq qışa baxmayaraq, ödənilməyib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Jurnalistlərə müsahibə verən Amerika və Ukrayna rəsmiləri, mayeləşdirilmiş təbii qazın alınmasını və Rusiyanın zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpasını maliyyələşdirmək üçün nəzərdə tutulan vəsaitlərin Donald Trampın prezidentliyi sayəsində "ilişib qaldığını" söyləyiblər.
Hələ Bayden administrasiyası dövründə ABŞ USAID vasitəsilə Kiyevə müəyyən məbləğlər ayırmağı planlaşdırırdı. Lakin Tramp hakimiyyətə gələn kimi agentlik ləğv edildi və Ukraynaya ayrılan vəsait havadan asılı vəziyyətdə qaldı.
Mənbələrə görə, Ukraynaya verilməli olan bu enerji yardımının gecikməsi, ehtimal ki, ABŞ administrasiyası daxilində bürokratik qarışıqlıq və daxili çəkişmələrdən qaynaqlanır. Söhbət təxminən 250 milyon dollardan gedir. Mənbələrə görə, bu vəziyyət son həftələrdə Rusiyanın Ukrayna elektrik stansiyalarına intensiv hücumları fonunda məyusluğu artırıb və şiddətli şaxtalar zamanı milyonlarla ukraynalını elektriksiz və istiliksiz qoyub.
Adı çəkilməyən Ukrayna rəsmisi deyib ki, Kiyev bu yardımın gecikməsindən xəbərdardır, lakin diplomatik mübahisəyə səbəb olmaq qorxusundan məsələni qaldırmaqdan çəkinir. Çünki Tramp Ukraynanın yardım istəklərinə çox soyuq cavab verir.
“AzPolitika.info”