Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin ümumi redaktəsi ilə “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti” işıq üzü görüb.
Bu barədə XQ-yə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildirilib.
Kitabın redaktoru elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov, kitabı tərtib edənlər Bəhruz Abdullayev, Mirzə Əsgərli, Həsən Zərinəzadə və İsmayıl Məmmədlidir.
Oxuculara təqdim olunan bu kitab “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti”nin 6-cı nəşridir. Hazırkı kitab bu lüğətin 2013-cü ildə buraxılmış nəşri əsasında şərqşünas-əlyazmaşünas alim dosent Əkrəm Bağırov tərəfindən təkmilləşdirilərək çapa hazırlanıb. Nəşrə 400-dək yeni söz və ifadə vahidi daxil edilib.
Klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin mənasının başa düşülməsini asanlaşdırmaq məqsədilə hazırlanmış lüğət filologiya, şərqşünaslıq, jurnalistika fakültələrinin tələbələri, müəllimlər və mütəxəssislər üçün nəzərdə tutulub.