Klaus yeni sistemə keçiddən danışdı: “Bu dəyişikliyə şans verməliyik”

14.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

AFFA-nın texniki direktoru Edmond Klaus aşağı yaş qruplarında format dəyişikliyi istəyir. Mütəxəssis U-14 Liqasında oyunların 11×11 deyil, 9×9-a keçirilməsinin tərəfdarıdır.

Bir neçə gün öncə klublarla görüş keçirilib və mövzu müzakirə olunub. Ancaq yekun qərar hələ verilməyib.

Bununla bağlı apardığımız araşdırmada məlum oldu ki, Avropada futbolu inkişaf etmiş bir çox ölkədə 11-12 yaşdan artıq oyunlar 11×11 formatında keçirilir. Bəs, bu dəyişikliyə zərurət yaradan nədir?

Mövzu ilə bağlı funksionerlə danışdıq:

– U-14 Liqasında 9×9 formatına keçidlə  bağlı klublarla görüşünüz oldu. İlkin fikirləriniz nədir?
– Klublara qərarımızı və mövqeyimizi bildirdik. Lakin kifayət qədər əsaslandırma və arqumentlər olmadı. Bu səbəbdən yekun qərar verə bilmədik.

– 9×9 sistemini zəruri edən hallar nələrdir?
– İlk növbədə qeyd etmək istəyirəm ki, U-14 yaş qrupunda, bəzi hallarda hətta U-13-də 11×11 formatında oynamaq yaxşıdır. Eyni zamanda, U-13 üçün 16 metrlik cərimə meydançasından 16 metrlik cərimə meydançasına qədər olan sahədə 9×9, həmçinin U-14 üçün 5 metrlik cərimə meydançasından 5 metrlik cərimə meydançasına qədər olan sahədə 9×9 formatı da yaxşı seçimdir.

Əgər ölkə üzrə bütün akademiyaların infrastrukturu U-13 yaş qrupuna tam meydançada – qapıdan-qapıya, 16 metrlik cərimə meydançası xəttini yan xətt kimi istifadə etməklə – 9×9 oynamağa imkan verirsə, AFFA-nın üstünlük verdiyi variant U-13-də tam meydançada 9×9 formatını tətbiq etmək və növbəti mərhələdə U-14-də birbaşa 11×11 formatına keçməkdir.

Əgər ölkə üzrə infrastruktur buna imkan vermirsə, hazırda təklif olunduğu kimi, U-13-də yarım meydançada 7×7 və ya 8×8 formatında oynanılacaq.

Əsas səbəb ondan ibarətdir ki, U-13 yaş qrupunda yarım meydançada 9×9 oynamaq düzgün format deyil. Meydanda həddindən artıq sıxlıq yaranır. Oyunçular daim təzyiq altında olurlar və dinamik futbol oynamaq, boş zonalarda 1×1 situasiyalarına girmək və ötürmələr etmək üçün kifayət qədər vaxt və yer olmur.

Meydanda oyunçu sayının bu qədər çox olmasının nəticəsində futbolçular topu çox vaxt dərhal itirirlər. Əgər düşünürüksə ki, bu, oyunçuların yaradıcılığını artıracaq və onlara yüksək intensivlikli təzyiq şəraitində daha yaxşı oynamağı öyrədəcək, deməli, doğru yolda deyilik. Bu yanaşma müəyyən istedadlı oyunçulara fayda verə bilər, lakin futbola sevdikləri üçün başlayan, eyni zamanda inkişaf etmək və oyundan zövq almaq istəyən uşaqların əksəriyyətinə şamil olunmur.

Bu yaş qrupunda yarım meydançada oyunçu sayının azaldılması topla daha çox təmasa, top itkisinin azalmasına və oyundan alınan zövqün artmasına səbəb olacaq. Ən istedadlı oyunçulara əlavə çətinlik yaratmaq üçün isə başqa üsullardan istifadə etmək mümkündür.

Yarım meydançada oyunçu sayının 9-dan 7-yə və ya 8-ə endirilməsi müzakirə mövzusu deyil. Bu halda növbəti il 11×11 formatına keçid 105 metrlik tam meydançaya və oyunçu sayında komandaların hər birində 3, hətta 4 nəfərlik artıma səbəb olacaq. Bu, sürücülük vəsiqəsi almaq üçün dərs keçən zaman bir gündən sonra avtomobili “Formula-1” bolidinə dəyişməyə bənzəyir.

– Yeni sistemlə nəyə nail olmaq istəyirsiniz?
– Avropada yaxşı inkişaf etmiş və beynəlxalq futbola çoxlu sayda keyfiyyətli oyunçu yetişdirən ölkələrdə U-12 yaşına qədər kiçik meydança formatlarında oyunlardan istifadə olunur, 11×11 formatında deyil.

Bildiyimə görə, İspaniya U-12 yaş qrupu üçün 11×11 formatını yenidən tətbiq edib. Niderlandda isə U-13-də 11×11 formatını tətbiq etmədik və bunun əvəzinə 9×9 formatına keçdik. Bu qərar Niderland Kral Futbol Federasiyasının (KNVB) müxtəlif formatlarda keçirilmiş yüzlərlə oyunun ətraflı təhlilinə əsaslanan araşdırmasından sonra qəbul edildi. Araşdırmanın nəticələri klublarla da paylaşılmışdı.

Nəticələr göstərdi ki, U-13-də cərimə meydançasından cərimə meydançasına qədər olan sahədə 9×9 formatı oyunçuların topla daha çox təmasda olmasına, daha çox futbol hərəkəti etməsinə imkan yaradır və bunun nəticəsində oyunçuların inkişafı artır.

Bir daha qeyd edirəm, əgər infrastruktur bizə U-14-də 11×11 və U-13-də cərimə meydançasından cərimə meydançasına qədər olan sahədə 9×9 oynamağa imkan versəydi, müzakirəyə ehtiyac olmazdı. Biz bunu dərhal tətbiq edərdik. Hətta izahı əvvəlki cavabda da verilib.

– 9×9-u 11×11 ilə müqayisə edəndə hansı üstünlükləri nəzərə çarpır?
– Daha çox topla təmas, daha çox futbol hərəkəti, meydanda daha az oyunçu, daha az mürəkkəblik, daha düzgün qərarlar vermək üçün daha çox vaxt, qət edilməli daha az məsafə və s.

– Əldə etdiyimiz məlumatlara görə, klublar bu ideyadan narazıdır. Buna münasibətiniz necədir?
– Klublar U-13 formatını dəyişdirmək qərarımızı yenidən nəzərdən keçirməyimizə və ya dəyişməyimizə səbəb olacaq kifayət qədər əsaslandırma və arqument təqdim edə bilmədilər.

Reaksiyaların əksəriyyəti fərziyyə və şəxsi fikirlərə əsaslanırdı. Biz oyunçuların inkişafı ilə bağlı elə bir arqument eşitmədik ki, həmin dəlillər aparılan araşdırmanın nəticələrinin yanlış olduğunu və ya Azərbaycan futboluna tətbiq edilə bilməyəcəyini sübut etsin.

U-14 formatı U-13 formatının dəyişdirilməsi ilə bağlı qəbul edilən qərarın bir hissəsidir və yalnız texniki inkişaf baxımından verilmiş qərar deyil. Nəhayət, bu, U-13 yaş qrupu üçün meydança və məkan çatışmazlığının nəticəsidir.

Biz özümüzə də nəzər salmalıyıq. Formatı müzakirə edirik və bəziləri bu dəyişiklikləri tənqid edir, digərləri isə onları tam dəstəkləyir. Hər bir dəyişiklik müəyyən narahatlıq yaradır və insanları öyrəşdikləri sabit vəziyyətdən və ya rahatlıq zonasından çıxarır.

Lakin mühakimə etməzdən əvvəl özümüzə də baxmalıyıq. Dünya futbolunda biz hansı mövqedəyik? Hamı mənimlə razılaşar ki, dünya futbolu reytinqində olmaq istədiyimiz mövqedə deyilik. Resursları, əhalimizi, futbola olan marağı və populyarlığı nəzərə alsaq, nələrisə dəyişməliyik.

Bir müdrik insan vaxtilə belə deyib: “Etdiyimizi etməyə davam etsək, indiyə qədər əldə etdiklərimizi əldə etməyə davam edəcəyik”.

Ona görə də, bəlkə, bu dəyişikliyə şans verməliyik. Formatın özünə diqqət yetirmək əvəzinə, gənc uşaqlar arasında qələbəni özümüzün və ya klubun statusu naminə nə dərəcədə önəmli etdiyimizə baxmalıyıq.

Məşqçilər, valideynlər və klublar böyüklərin 11×11 oyununu sadəcə futbol oynamaq, topla vaxt keçirmək və bu gözəl oyundan zövq almaq istəyən uşaqlara necə ötürürlər? Bəlkə də diqqətimizi ilk növbədə buna yönəltməliyik.

– Uşaq futbolu ilə bağlı daha hansı qərar və dəyişiklikləri planlaşdırırsınız?
– Bu, maraqlı sualdır. Bəli, daha böyük bir plan üzərində işləyirik. AFFA və klubların birlikdə oğlan və qız futbolçularının inkişafını, həmçinin oyunçuların milli komandalarımıza və peşəkar klubların əsas komandalarına keçidini yaxşılaşdıra biləcəyi geniş bir plan hazırlayırıq. Məqsəd beynəlxalq səviyyədə rəqabət apara biləcək oyunçular yetişdirən və peşəkar futbol bazarımıza dəyər qatan dayanıqlı inkişaf strukturu qurmaqdır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью