Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Neftçi” Misli Premyer Liqasının XII turunda “Araz-Naxçıvan”ı məğlub etdi – 3:1. Matçda iki qol vuran “ağ-qaralar”ın futbolçusu Qustavo Klisman qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırdı:
– Qələbəni necə şərh edərdiniz?
– Süni örtüklü meydançada oynamaq çətinlik yaradır. Buna baxmayaraq, çalışırdıq öz futbolumuzu nümayiş etdirək. Düşünürəm ki, yaxşı çıxış etdik, layiq olduğumuz 3 xalı qazandıq. Matçın 90 dəqiqəsi ərzində oyuna nəzarət etdik və rəqib qapısından 3 top keçirdik. Yeganə təəssüfləndirici məqam sonda qapımızdan qol buraxmağımızdır.
– Milli komandaların oyunlarına görə yaranan fasiləni necə dəyərləndirdiniz?
– “Pauza” bizə çox kömək olur. Bizim məşqlərimizi izləsəniz, hazırlıq prosesinin necə intensiv keçdiyini görərsiniz. Çox yaxşı məşqlər edirik.
– “Araz-Naxçıvan”ı məğlub etməklə yenidən zirvəni ələ keçirdiniz. Qış çempionu ola biləcəksiniz?
– Biz hər oyuna qələbə üçün çıxırıq. Sonda hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İstəyimiz reallaşsa, qış çempionu ola bilərik.
– Maraqlıdır, “Araz-Naxçıvan”a vurduğunuz birinci qolda zərbə endirirdiniz, yoxsa asma idi?
– Açığı, zərbə vurmurdum, asma edirdim (gülür). Amma elə alındı ki, top qapıdan keçdi. Təbii ki, buna görə sevinirəm.
– Bir dəfə ayın qolu layihəsində birinci seçilmisiniz. Necə düşünürsünüz, bu qolla yenidən qalib ola bilərsiniz?
– Sözün düzü, hazırda yalnız öz oyunlarımıza köklənmişəm. Digər qolların əksərini görməmişəm. Ona görə indidən qəti fikir bildirmək çətindir. Amma əlbəttə ki, yenidən qalib olsam, çox sevinərəm.
– “Neftçi” formasıyla ikinci dəfə çempionatda dubl etdiniz. Artıq 6 qolla bombardirlər arasındasınız. Bununla bağlı fikirləriniz nədir?
– Məşqçimizin tapşırığı odur ki, imkan olduqca qapıya zərbə endirim, həmçinin irəli atılaraq hücumların sonlandırılmasında iştirak edim. Mən də komandama fayda vermək üçün əlimdən gələni edirəm. Şadam ki, bu matçda yenidən dubl etdim. Növbəti matçlarda da “Neftçi”nin qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm.
Şahin Cəfərov