Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Kəpəz” Misli Premyer Liqasında son üç oyunu uduzub. Bölgə təmsilçisində baş məşqçi Azər Bağırovla yayda yolların ayrılacağı xəbərləri dolaşır.
Mövzu ilə bağlı komandanın baş məşqçisi Azər Bağırovla danışdıq:
– “Qarabağ” kimi komandaya qalib gələndən sonra son məğlubiyyətlər əsas nədən qaynaqlanır?
– “Qarabağ” kimi komandaya qalib gəlmək nə qədər çətindirsə, bu qələbənin psixoloji baryerini adlamaq ondan da çətin. Düşünürəm ki, bunun hansısa təsirləri ola bilər. Amma artıq üçüncü oyundur. Birinci matçı psixoloji amillə bağlamaq olar. Amma digər görüşlərdə oyunçu çatışmazlığı, diqqətsizlik oldu. Ən öməli məqamsa odur ki, bu gün “Kəpəz” 6-7 legionerdən ibarət komandadır. Digər bütün klublarda 11-12 legioner var. Əvəzetmələrlə belə komandanı gücləndirirlər. Bizdə isə legionerləri yerlilər əvəz edir.
– ”Kəpəz”dən ayrılacağınız ilə bağlı xəbərlər dolaşır.
– Ayrılıq məsələsi gündəmdə deyil. “Kəpəz”də işimiz var və mövsümün sonuna kimi bunu yekunlaşdırmalıyıq. Zaman göstərəcək. Rəhbərliklə danışığımız olub, inşallah, hər şey müsbətə doğru gedər.
– Bu cür xəbərlər komandaya necə təsir edir?
– Futbol insan faktorudur. Klub ətrafında gəzən mənfi xəbərlər, reaksiyalar oyunumuza təsir edə bilər. Yəni, futbolçularda emosional düşüş qaçılmazdır. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Lakin qarşımıza nə hədəf qoyulubsa, onu yerinə yetirəcəyik.
Kamil Əhməd