Klublarda maliyyə problemləri sıxıntılar bitmir

04.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

I Liqada yeni mövsüm başlayıb.

İlk oyun günündə “Zaqatala” “Cəbrayıl”a, “Şahdağ Qusar” isə MOİK-ə qalib gəlib. Ötən mövsüm Region Liqasında çempion olan “Şahdağ Qusar” mövsümsonu yaşadığı maliyyə problemlərinə baxmayaraq, liqaya uğurlu start verə bilib.

Azərbaycan futbolunun problemli yerlərindən biri də klubların maddi sıxıntılarıdır. Premyer Liqa klublarının bir neçəsi dövlət dotasiyası hesabına ayaqda qalmağa çalışır. Aşağı liqalarda isə vəziyyət daha çətindir.

Uzun illərdir I Liqada maliyyə sıxıntıları ilə mübarizə aparan “Zaqatala” bu mövsüm də sponsorsuz qalıb. Kluba ciddi maliyyə dəstəyi yoxdur. Heyət qurmaq çətin, şərait yaratmaq qəliz məsələyə çevrilib. Hər mövsüm eyni problemlər dilə gətirilsə də, vəziyyət düzəlmir. Gələcəyə ümidlə baxan bölgə təmsilçisi sponsor sarıdan problemlərini həll edə bilmir.

“Şahdağ Qusar” II Liqanın qalibi olmasına baxmayaraq, böyük maliyyə problemi ilə üzləşdi. Çempion heyətdən bir neçə futbolçu ilə yollar ayrıldı. Kluba rəhbər təyin edilən futbolçu Rahid Əmirquliyev yeni strategiya müəyyənləşdirdiklərini bildirib və komanda daha çox gənclərlə mübarizə aparacaq. Çətin olacaq, amma hədəf liqadakı yeri qorumaqdır.

I Liqada “Cəbrayıl”, “Şimali” kimi klublar da maddi sıxıntıları daha çox olanlardır. Ötən mövsüm II Liqadan I Liqaya yüksələn klublar sponsor tapa bilməyib. Ümumiyyətlə, klublara iş adamlarının marağı yox dərəcəsindədir. Dövlətdən alınan dotasiya hesabına “dolanmağa” çalışan klubların liqada mübarizə aparması daha çətindir.

Çempionatda digərlərinə nisbətən imkanları daha yaxşı olan “Səbail” və “Mingəçevir”dir. “Səbail” ötən mövsüm Premyer Liqanı tərk edib. Klubun müəyyən maliyə dayaqları var və I Liqa səviyyəsində heyət qurmaqda çətinlik yaşanmayıb. Legioner transferləri ilə də gündəmə gələn “dənizçilər” yarışında əsas favoritidir. “Mingəçevir” isə ASTA-nın (Azerbaijan Sport Talents Academy) himayəsindədir. Klubda hədəf çempionluqdur lakin “Səbail”lə mübarizə aparmaq çətin olacaq.

I Liqadan səviyyəsə daha aşağıda olan II Liqada vəziyyət daha acınacaqlıdır. Klublar ikinci peşəsi futbo olanlarla mübarizə aparır, bəziləri isə 17-18 yaşlı uşaqlarla çempionatda qalmağa çalışacaq.

Futbolun inkişafının təməl məsələlərindən biri maliyyə dayaqlarının güclü olmasıdır. Əks halda, infrastruktur qurulmaz, rəqabətə dözümlü heyət qurulmaz. İndiki məqamda ölkədə peşəkar 3 liqa olmasına baxmayaraq, Premyer Liqadan başqa digərlərində vəziyyət ürəkaçan deyil.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью