Kobaxidze ATƏT i tənqid etdi

31.01.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-i ölkəsinə qarşı ədalətsiz kampaniya aparmaqda ittiham edib.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, baş nazir ATƏT-in Moskva Mexanizminin Gürcüstana qarşı tətbiq ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, illərdir Gürcüstana və gürcü xalqına qarşı ədalətsiz yanaşma mövcuddur və hazırkı proses də bunun davamıdır:

“Bütün bu illər ərzində Gürcüstana və gürcü xalqına qarşı ədalətsiz kampaniya aparılıb. Bu gün baş verənlər də həmin kampaniyanın tərkib hissəsidir. Görürük ki, xalqımıza qarşı dost olmayan ölkələr bu cür təşəbbüslərin müəllifidir. Bu, böyük ayıbdır. Buna baxmayaraq, biz hətta bu ölkələrlə belə birtərəfli dostluq rejimini qoruyub saxlayırıq”, – deyə baş nazir bildirib.

Xatırladaq ki, bir gün əvvəl Böyük Britaniya və daha 23 ölkə Gürcüstanda insan hüquqlarının pisləşməsi ilə bağlı vəziyyətin araşdırılması məqsədilə ATƏT-in Moskva Mexanizminin işə salınması üçün müraciət edib.

Britaniya hökumətinin açıqlamasına görə, 38 iştirakçı dövlət 2024-cü ilin dekabrında ATƏT-in Vyana Mexanizminə müraciət etsə də, Gürcüstan hakimiyyətinin insan hüquqları üzrə öhdəliklərinə əməl etməsi ilə bağlı narahatlıqlar artmaqda davam edir.

Qeyd edək ki, ATƏT-in Moskva Mexanizmi iştirakçı dövlətlərin təşəbbüsü ilə insan ölçüsü sahəsində tətbiq olunan mexanizmdir. Bu mexanizm müəyyən ölkədə insan hüquqları vəziyyətinin araşdırılması üçün müstəqil ekspert və ya məruzəçilər missiyalarının yaradılmasını nəzərdə tutur. Ekspert və məruzəçilər missiyanı başladan ölkələrin vətəndaşları və ya sakinləri ola bilməzlər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью