Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qarabağ cəlladı baş nazir Paşinyanın sülh səylərini məğlubiyyət kimi qələmə verir
Ermənistanda keçmiş prezident Robert Koçaryanın ətrafında birləşən siyasi qüvvələrin hakimiyyətə qarşı hücumları yeni mərhələyə qədəm qoyub. Bu dəfə onların hədəfində təkcə Nikol Paşinyan hökumətinin siyasəti deyil, həm də ölkənin yeni konstitusiya layihəsi, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) gələcəyi və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi dayanır. Dünən keçirilən mətbuat konfransında Koçaryanın vəkili və parlamentdəki tərəfdarları bir-birindən fərqli görünən məsələləri vahid siyasi mübarizənin tərkib hissəsi kimi təqdim edərək hakimiyyətə ciddi ittihamlar səsləndiriblər.
Konfransda ilk müzakirə olunan məsələlərdən biri R.Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciəti olub. Onun vəkili Ovanes Xudoyan bildirib ki, müvafiq materiallar 1 həftə əvvəl birinci instansiya məhkəməsindən apellyasiya məhkəməsinə göndərilsə də, oraya çatmayıb. Parlamentin “Ermənistan” fraksiyasının deputatı Levon Koçaryan atasının artıq 90 gündür həbsdə olduğunu bildirib. O, cinayət təqibinin siyasi xarakter daşıdığını, irəli sürülən ittihamlarda cinayət tərkibinin olmadığını iddia edib. Deputat atasının və qardaşının həbsini eyni məqsədə – ailəyə təzyiq göstərilməsinə yönəlmiş addımlar kimi təqdim edib.
Konfransın əsas mövzularından biri noyabrın 23-də ictimaiyyətə təqdim edilən yeni konstitusiya layihəsi olub. Məlum olduğu kimi, yeni sənədin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almır. Həmin bəyannamədə Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi və 1915-ci il hadisələrinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı müddəalar var.
L.Koçaryan iddia edib ki, konstitusiyanın dərc olunan yeni layihəsi hakimiyyətin avtoritar meyillərini gücləndirir. Onun sözlərinə görə, sənəddə qanunların geriyə qüvvəsinin tətbiqi, hakimlər üzərində nəzarətin sərtləşdirilməsi və bu nəzarətin hərtərəfli xarakter alması nəzərdə tutulur. Deputat müxalifətin hətta Müstəqillik Bəyannaməsinə istinad saxlanılsaydı belə, layihənin əleyhinə çıxacağını bildirib.
Aİİ ilə münasibətlər də Koçaryan düşərgəsinin hücumlarının əsas istiqamətlərindən biri olub. Levonun fikrincə, hakimiyyət yeni konstitusiya məsələsini gündəmin ön sırasına çıxarmaqla Ermənistanın ittifaqdan çıxarılması və ya üzvlüyünün dayandırılması ehtimalından doğan narahatlıqları arxa plana keçirməyə çalışır. Deputat belə bir ssenarinin ölkə iqtisadiyyatı üçün ağır nəticələr doğuracağını bildirib. O, hakimiyyətin konstitusiya müzakirələri ilə cəmiyyətin diqqətini digər problemlərdən yayındırdığını ehtimal edib.
Konstitusiya layihəsinin referendum yolu ilə qəbul edilməsi məsələsi də müzakirə olunub. Xudoyan hesab edir ki, hakimiyyətin referendum keçirməsi üçün yeganə legitim yol növbədənkənar seçkilərdir. O, belə seçkilərdə müxalifətin öz namizədini irəli sürəcəyini deyərək Paşinyanın komandasına nə dərəcədə etibar etdiyini sual altına alıb.
L.Koçaryan isə baş nazirin istefaya gedəcəyinə inanmadığını bildirib. O, Paşinyanın 2024-cü il avqustun 31-də keçirdiyi mətbuat konfransını xatırladaraq həmin vaxt Müstəqillik Bəyannaməsinin konstitusiya üçün maneə və münaqişə mənbəyi olmadığını əsaslandırmağa çalışdığını söyləyib. Deputatın fikrincə, baş nazir indi fərqli mövqe sərgiləyir və ona etibar etmək mümkün deyil. Koçaryan Paşinyanın 8 ildən artıq hakimiyyətdə olmasına baxmayaraq, düşüncə tərzini dəyişmədiyini, siyasi rəqiblərini “keçmişlər” adlandırmaqla cəmiyyətə təsir göstərdiyini iddia edib.
Koçaryan quduzlaşıb
Dünənki çıxışlara nəzər saldıqda aydın olur ki, Koçaryan düşərgəsi ayrı-ayrı hüquqi, siyasi və iqtisadi məsələləri vahid müxalifət kampaniyasının tərkib hissəsinə çevirməyə çalışır. Məqsəd yalnız yeni konstitusiya layihəsinə etiraz etmək deyil, Paşinyan hakimiyyətinin bütün fəaliyyətini şübhə altına almaqdır. Bu kampaniyanın mərkəzində yeni konstitusiya dayanır. Çünki layihənin referendum yolu ilə qəbul edilməsi üçün hakimiyyətin parlamentdə kifayət qədər səsi yoxdur. İyun seçkilərində “Mülki müqavilə” 64 mandat qazanıb. Deməli, müxalifətin mövqeyi konstitusiya dəyişikliklərinin taleyində mühüm rol oynaya bilər. Koçaryan tərəfdarları məhz bu vəziyyətdən istifadə edərək özlərini hakimiyyətin planlarına mane ola biləcək əsas siyasi qüvvə kimi göstərməyə çalışırlar.
Azərbaycanla münasibətlərin normallaşması məsələsinin konstitusiya mübahisələrinə daxil edilməsi xüsusi diqqət çəkir. Müstəqillik Bəyannaməsinə istinadın yeni layihədən çıxarılması Ermənistanla Azərbaycan arasında sülhün hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin Koçaryan düşərgəsi bu dəyişikliyi sülhə xidmət edən addım kimi deyil, milli maraqlardan geri çəkilmə kimi təqdim etməyə çalışır. Aİİ ilə bağlı fikirlər də eyni siyasi xəttə xidmət edir. Ermənistanın ittifaqla münasibətlərində yarana biləcək iqtisadi çətinlikləri müzakirə etmək təbiidir. Ancaq hakimiyyətin bu problemləri ört-basdır etmək üçün konstitusiya mövzusunu gündəmə gətirdiyi barədə Koçaryanın iddiası konkret sübutlara deyil, şəxsi ehtimallara əsaslanır. Görünür, müxalifət üçün əsas məsələ iqtisadi problemlərin həlli yollarını göstərməkdən daha çox, onları Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiq vasitəsinə çevirməkdir.
Siyasi oyunlar irəliyə yolu bağlayır
Koçaryan düşərgəsinin çıxışlarında diqqətçəkən başqa bir məqam hüquqi məsələlərin şəxsi və ailəvi maraqlarla əlaqələndirilməsidir. R.Koçaryanın, həbsdəki oğlunun və Levon Koçaryanın məhkəmə problemlərinin vahid siyasi planın tərkib hissəsi kimi təqdim olunması buna nümunədir. R.Koçaryanın siyasi keçmişi nəzərə alındıqda, onun ətrafında formalaşmış düşərgənin bu gün demokratiya və siyasi azadlıqlar barədə verdiyi dərslər müəyyən suallar doğurur. Ermənistanın əvvəlki siyasi mərhələlərində ölkənin idarə olunmasında mühüm rol oynamış şəxslərin indi özlərini siyasi təzyiqlərin əsas qurbanları kimi göstərməsi də birmənalı qarşılanmaya bilər. Keçmiş idarəçilik təcrübəsini və bugünkü siyasi iddiaları bir-birindən ayırmaq mümkün deyil.
Ermənistanda qarşıdakı dövrdə bu siyasi mübarizənin daha da kəskinləşəcəyi gözlənilir. Yeni konstitusiya, referendum, Aİİ ilə münasibətlər və məhkəmə işləri müxalifətin Paşinyan hakimiyyətinə qarşı kampaniyasının əsas mövzuları olaraq qalacaq. Koçaryan düşərgəsi bu məsələlərdən istifadə edərək siyasi mövqelərini gücləndirmək və cəmiyyətdə narazılığı artırmaq istəyir.
Məğlubların yeni savaş xülyası
Nəticə etibarilə, dünənki mətbuat konfransı adi müzakirədən daha çox, Koçaryan komandasının hakimiyyətə qarşı növbəti siyasi hücumu təsiri bağışlayır. Sabiq prezidentin həbsinin siyasi sifariş olması, yeni konstitusiyanın ölkənin suverenliyinə təhlükə yaratması, Azərbaycanın guya, Ermənistan vətəndaşlarını təhvil almaq imkanına yiyələnməsi barədə iddialar eyni məqsədə – Paşinyan hakimiyyətini müdafiə mövqeyinə sıxışdırmağa hesablanıb.
Lakin Ermənistan cəmiyyətinin qarşısında duran məsələlər keçmiş siyasi elitaların şəxsi maraqlarından daha genişdir. Ölkənin təhlükəsizliyi, iqtisadi gələcəyi, qonşularla münasibətləri emosional çıxışlarla deyil, konkret qərarlarla müəyyənləşir. Sülhə yönələn siyasi və hüquqi dəyişiklikləri hər dəfə xəyanət, təslimçilik və xarici diktə kimi qələmə vermək Ermənistanın gələcəyinə xidmət etmir.
Koçaryan düşərgəsinin əsas problemi dəyişən regional reallıqlarla barışmaq istəməməsidir. Keçmişin siyasi təsir imkanlarını geri qaytarmaq arzusu ilə bugünkü Ermənistanın qarşısında dayanan vəzifələr arasında ciddi fərq var. Cəmiyyətə köhnə qarşıdurma düşüncəsini yenidən sırıyaraq siyasi dividendlər qazanmaq cəhdi ölkəyə yeni perspektivlər açmır. Ermənistanın gələcəyi keçmiş prezidentlərin siyasi hesabları, revanşist çağırışlar və əsassız qorxu ssenariləri üzərində deyil, davamlı sülh və regional əməkdaşlıq əsasında qurulmalıdır.
Səxavət HƏMİD
XQ