Koçaryanın senarisi baş tutacaqmı? Ermənistandakı seçki situasiyası ilə bağlı şərh

30.01.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Baş nazir Paşinyana qarşı güclü müxalif blokun yaradılması ehtimalı real deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın seçkilərdə böyük bir müxalifət blokunun yaradılması mümkünlüyü barədə bəyanatını şərh edərkən deyib. 

Ekspert bildirib ki, Ermənistanda seçkilər ərəfəsində müəyyən müxalif qruplar Robert Koçaryanın ətrafında birləşə bilər:

"Daha çox "Qarabağ klanı", kilsənin müəyyən hissəsi və bəzi radikallar onun ətrafında toplaşa bilərlər. Amma buna baxmayaraq, Ermənistanda baş nazir Paşinyana qarşı güclü müxalif blokun yaradılması ehtimalı o qədər də real deyil. Bu birləşmə müxalifətin say baxımından güclənməsində nəyəsə gətirib çıxarmayacaq".


Müsahibimiz düşünür ki, Ermənistanda Paşinyana dəstək daha yüksəkdir:

"Eyni zamanda, Koçaryan-Sarkisyan cütlüyünə münasibət isə daha sərtdir. Bu da onların zəif yeridir. Hər iki cütlüyün vaxtilə hakimiyyətə gəlməsi Ermənistana böyük problemlər gətirib. İndi mövcud olan problemlər də Koçaryanla Sarkisyanın hakimiyyəti dövründən qaynaqlanır. Ona görə onlar hansısa koalisiya yarada bilsələr də, gücləri hakimiyyətin gücündən xeyli zəif olacaq”.

Mehman Əliyevin fikrincə, yalnız Levon Ter-Petrosyan müxalifəti öz ətrafında toplaya bilər.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan keçirdiyi mətbuat konfransında seçkilər zamanı böyük bir müxalifət blokunun yaradılmasının mümkün olacağını bildirib. Onun sözlərinə görə, müxalifət nümayəndələri fundamental məsələlərdə spektrin müxtəlif tərəflərində olsalar da, oxşar ritorikadan istifadə edirlər. Bu da, onun fikrincə, müxalifətə əməkdaşlıq və mövqelərin sinxronlaşdırılmasında əhəmiyyətli imkanlar yaradır. Bu əsasda da Koçaryan iddia edir ki, fundamental məsələlərə yanaşmaları oxşar olduğu üçün böyük bir seçki bloku yaratmaq mümkündür.

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью