“Köhlən atlar” dünən futbol tariximizin yeni bir şanlı səhifəsini yazdılar Millət vəkili

06.11.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gecə "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün Bakıda İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gəlib. Oyun isə 2:2 bərabərliklə yekunlaşıb.

Oyun haqqında fikirlərini Redaktor.az-la paylaşan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, “Köhlən atlar” dünən futbol tariximizin yeni bir şanlı səhifəsini yazdılar:

"Bu, Zəfər Günümüzə yeni zəfər əhval-ruhiyyəsi gətirdi. “Qarabağ” dünənə qədər əgər hər bir azərbaycanlının ürəyində bir hüzün, bir kədər, bir acı ilə assosiasiya olunurdusa, bu gün “Qarabağ” adı özü zəfərimizin simvoluna çevrilib. Amma unutmaq olmaz ki, ilk dəfə Qarabağ adını zəfərlə eyniləşdirən məhz “Qarabağ” futbol klubu olub.

Bu gün isə bütövlükdə Qarabağ həm tarixi coğrafiya kimi, həm vətənimizin bir parçası kimi, həm işğal olunmuş ərazimiz kimi, həm də futbol klubu kimi elə qələbə deməkdir. Bu, məsələnin milli, emosional tərəfidir. Sırf futbol texnikası baxımından qiymətləndirsək, futbol özü də bir güc deməkdir və futbol komandalarının gücünü təyin edən onun büdcəsidir".

Deputat vurğuladı ki, “Qarabağ” kiçik büdcə ilə 1 milyarddan çox büdcəsi olan “Çelsi” ilə heç-heçə oynamağı bacardı:

"Əslində bu, qeyri-bərabər bir mübarizə idi. “Qarabağ” bütün parametrlər üzrə özündən ən az beş dəfə güclü olana qalib gəlməyi bacardı. Bu, qalibiyyət ruhumuzun, zəfər ruhumuzun “Qarabağ” futbol komandasında təcəllisi idi.

Biz əminik ki, bu, sadəcə statistik qələbə hadisəsi deyil, həm də Azərbaycanda futbolun inkişafı üçün böyük motivasiya yaradan bir hadisədir. Çünki yeni yetişən nəsil, gənc nəsil məhz “Qarabağ” futbol məktəbini izləyərək yetişir. Bu isə Azərbaycan futbolunun həm də yaxşı mənada gələcəyini müəyyənləşdirir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью