Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibini tanıyıb.
Bakıvaxtı.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında püşkatmanın nəticəsinə əsasən, Qurban Qurbanovun komandası İngiltərə təmsilçisi "Nyukasl" ilə qarşılaşacaq.
Oyun necə keçəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a proqnozunu verən veteran futbolçu Aslan Kərimov bildirib ki, çətin oyun olacaq:
"PSJ"-dən fərqli olaraq, "Nyukasl" daha güclü rəqib hesab olunur. Komandanın həm üstün, həm də zəif cəhətləri var".
Onun sözlərinə görə, "Sağsağanlar" sürətli qaçışları və fiziki performansları ilə diqqət çəkir, Premyer Liqa sürəti ilə məşhurdur:
"Çıxış edən istənilən komanda "Qarabağ"a çətinlik yarada bilər. Buna baxmayaraq, əvvəlki oyunlarda "Qarabağ" onların səviyyəsində rəqiblərlə bərabərlik əldə edə bilib ki, bu da komandanın gücünü göstərir".
Aslan Kərimov: "Sağsağanlar" sürətli qaçışları və fiziki performansları ilə diqqət çəkir
Həmsöhbətimiz vurğulayıb ki, "Nyukasl" hazır bir komandadır və "Köhlən atlar"ın bu səfərə qədər gəlib çıxması özü böyük uğurdur.
Qeyd edək ki, komanda ilk oyunu evdə, cavab görüşünü isə səfərdə keçirəcək. Pley-off mərhələsinin matçları fevralın 17-18 və 24-25 tarixlərində təşkil olunacaq.
Əgər "Qarabağ" bu raundu keçə bilsə, 1/8 finalda ya "Barselona" (İspaniya), ya da "Çelsi" (İngiltərə) ilə qarşılaşacaq. Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsini 10 xalla 22-ci pillədə tamamlamışdı.
Əli Hüseynov