Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Texnologiyanın sürətlə inkişaf etməsi insanların elektron cihazları daha tez-tez dəyişməsinə səbəb olur.
Yeni telefon, kompüter və digər avadanlıqlar alındıqca köhnələri ya evlərdə istifadəsiz qalır, ya da adi zibil qutularına atılır. Lakin bu cihazların tərkibində ətraf mühitə zərər verə biləcək maddələrin olması elektron tullantıları ciddi ekoloji problemə çevirir. BMT-nin məlumatına görə, 2022-ci ildə dünyada 62 milyon ton elektron tullantı yaranıb.
Bunun cəmi 22,3 faizi rəsmi şəkildə toplanaraq təkrar emal edilib. Azərbaycanda isə BMT-nin göstəricilərinə əsasən, 2022-ci ildə adambaşına 8,7 kiloqram elektron tullantı toplanmadan qalıb.
“Cebheinfo.az” ın araşdırmasına görə, bu, ölkədə elektron tullantıların idarə olunması məsələsinin aktuallığını göstərir. Köhnə telefon, kompüter və batareyaların təhlükəsi onların tərkibindəki maddələrlə bağlıdır. Qurğuşun, civə, kadmium və digər kimyəvi elementlər düzgün utilizasiya edilmədikdə torpağa və suya qarışa bilər.
Xüsusilə litium-ion batareyaların zədələnməsi və ya həddindən artıq qızması yanğın təhlükəsi yaradır. Belə tullantıların adi məişət zibilləri ilə birlikdə atılması həm ətraf mühit, həm də tullantıların daşınması və emalı ilə məşğul olan işçilər üçün risk yaradır. Azərbaycanda batareyaların toplanması istiqamətində müəyyən layihələr həyata keçirilsə də, elektron avadanlıqların ümumi idarə olunması ilə bağlı suallar qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "Qırmızı Ürəklər" Fondunun birgə layihəsi çərçivəsində müxtəlif müəssisələrdə batareyaların toplanması üçün xüsusi qutular yerləşdirilib.
Nazirliyin 2025-ci ilin dekabrında açıqladığı məlumata görə, layihə çərçivəsində 235 kiloqram işlənmiş batareya toplanaraq müvafiq müəssisəyə təhvil verilib. Digər tərəfdən, Azərbaycanda tullantıların idarə olunması sahəsində institusional dəyişikliklər də baş verir. 2026-cı ilin mayında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Bu isə elektron tullantıların ayrıca toplanması, çeşidlənməsi və təkrar emalı istiqamətində yeni mexanizmlərin tətbiqinin vacibliyini gündəmə gətirir.
Məsələ ondadır ki, vətəndaşların istifadəyə yararsız telefonları, kompüterləri və batareyaları hara təhvil verə biləcəyi, bu tullantıların hansı müəssisələrdə emal olunduğu və prosesə necə nəzarət edildiyi barədə aydın məlumatlara ehtiyac var. Elektron tullantıların ayrıca uçotunun aparılması, xüsusi qəbul məntəqələrinin yaradılması və istehsalçı şirkətlərin də bu prosesə cəlb edilməsi problemin həlli üçün vacib addımlardır.
Beləliklə, köhnə telefon və batareyaların taleyi sadəcə məişət tullantısı məsələsi deyil. Elektron cihazların istifadəsi artdıqca onların təhlükəsiz toplanması və utilizasiyası da vacib ekoloji tələbə çevrilir. Azərbaycanda bu sahədə mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi üçün tullantıların həcmi, emal imkanları və dövlət nəzarəti ilə bağlı daha ətraflı məlumatların açıqlanmasına ehtiyac var.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin