Köhnə və aşınmış evləri almaq daha sərfəli hesab olunurmu? ƏMLAK EKSPERTİ

27.11.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son illər ərzində həm daşınmaz əmlakın qiyməti dayanmadan artır, həm də inşaat və təmir-tikinti materiallarının bahalaşması müşahidə olunur. Bununla yanaşı, işçi qüvvəsinin və işçilik xidmətlərinin qiymətində də kifayət qədər artım var. İnflyasiyanın nisbətən yüksək olması və yaşayış minimumu ilə bağlı xərclərin artması fəhlə və usta sinfinə də ciddi təsir göstərir. Üstəlik, Qarabağ iqtisadi zonasında genişmiqyaslı təmir-tikinti işlərinin aparılması bir çox ustanın məhz həmin əraziyə yönəlməsinə səbəb olub".

Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, bu sektorda da davamlı olaraq müəyyən dəyişikliklər baş verir:

"Konkret vəziyyətə gəldikdə isə əhalinin müxtəlif təbəqələri arasında fərqli yanaşmalar aydın görünür. Nisbətən varlı təbəqə özünəməxsus büdcəyə malik olduğundan ucuzluğa o qədər də üstünlük vermir və adətən zövqünə uyğun yeni təmirə üstünlük verir. Orta təbəqəyə, eləcə də iqtisadi baxımdan orta və ya aşağı gəlirli təbəqəyə aid vətəndaşlar isə bunun əksinə davranırlar. Məsələn, son vaxtlar hətta aşınmış, köhnə evləri alaraq onlara nisbətən əl gəzdirir, kosmetik təmirlə kifayətlənirlər.

Xüsusilə ipoteka, borc və ya kredit hesabına ev alanlar belə bir yanaşmaya üstünlük verirlər: tam təmirli mənzillər daha baha olduğundan təmirsiz və ya zəif təmirli mənzillər alır, daha sonra isə imkanları daxilində həmin mənzilləri tədricən və ya elə həmin vaxt təmir etdirirlər. Bu sahədə belə bir tendensiya və fərq mövcuddur.

Keçmişdə əmlak daha ucuz qiymətə alınıb, onun tikintisinə sərf olunan inşaat materialları və təmir işləri də daha ucuz başa gəlib. Üstəlik, həmin əmlaklar zaman keçdikcə aşınıb. Bu amilləri nəzərə aldıqda, hazırda təmir olunan əmlak almaqdansa, əvvəllər tikilmiş və müəyyən qədər aşınmış əmlakı almaq daha sərfəlidir. Bu sərfəlilik həm fərdi evlər, həm də yeni tikililərdəki mənzillər baxımından özünü göstərir. Belə əmlaklar yeni binalardakı mənzillərlə müqayisədə daha ucuz olur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью