Köhnə yataqların yeni həyatı

08.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balaxanı–Sabunçu–Ramanı blokunda gündəlik hasilat 1000 tona yüksəlib

Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişinə əsasən, “Balaxanı-Sabunçu-Ramana” yataqlar blokunda hasilat işləri aparan “Balakhani Operating Company LTD” 2026-cı ilin ilk yarısında rekord göstəricilərə imza atıb. Şirkət operatoru olduğu layihə çərçivəsində gündəlik neft hasilatını 1000 tona çatdırıb.

Bununla yanaşı, qabaqcıl geoloji modelləşdirmə və geoloji-texniki tədbirlərin tətbiqi nəticəsində müqavilə sahəsində işlənmədə olan ümümi quyuların sayı 820-yə qədər optimallaşdırılıb. Belə bir uğurlu nəticənin qazanılmasında “Balakhani Operating Company LTD”nin hər bir üzvünün xüsusi pay sahibi olduğunu bildirən şirkət prezidenti Rövşən Rzayev Balaxanı neftçilərinə yarımillik nəticələrlə bağlı təşəkkür məktubu ünvanlayıb. Onlara bu uğura görə minnətdarlığını ifadə edən qurum rəhbəri vurğulayıb ki, gündəlik əməliyyatlarda dayanıqlı proseslərdən maksimum istifadə hasilat göstəricilərini yüksəldir. Onun sözlərinə görə, “Balakhani Operating Company LTD” bundan sonra da hasilat əməliyyatlarını ekoloji mühafizə ilə tarazlı şəkildə apararaq fəaliyyətini səmərəli və məsuliyyətli şəkildə qurmaqda davam edəcək.

Qeyd edək ki, “Balaxanı-Sabunçu-Ramana” Bakı şəhərindən 12 kilometr şimal-şərqdə, Abşeron yarımadasında yerləşən ən böyük neft-qaz yataqlarından biridir. Uzunluğu 10 kilometr, eni isə 3 kilometr olan bu yatağın tarixi 1800-cü illərin ortalarından hesablanır. Buradan neftin sənaye üsulu ilə istismarına isə 1871-ci ildə başlanıb. Qədim zamanlarda ərazidə neft 3-5 metr dərinlikdə əllə qazılmış quyulardan çıxarılıb. Buradan çıxarılan neft çox az parafinli və kükürdlü olduğuna görə yüksək keyfiyyətli hesab edilib.

İstismara verildiyi vaxtdan etibarən “Balaxanı-Sabunçu-Ramana” yataqlar blokunda, təxminən 13 min 760 quyu qazılıb ki, bunun da 9 min 500-dən çoxu Balaxanı sahəsinin payına düşür. “Balaxanı” yatağında illik maksimal neft hasilatı 1901-ci ildə qeydə alınıb. Həmin il burada 8831 ton neft çıxarılıb. Ümumilikdə isə, “Balaxanı-Sabunçu-Ramana” yataqlar blokundan indiyədək, təqribən, 339 milyon ton neft hasil olunub.

Xatırladaq ki, “Balaxanı-Sabunçu-Ramana” və “Kürdəxanı” neft yataqlarını əhatə edən blokun reabilitasiyası, işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş 2010-cu ilin iyun ayında SOCAR, qurumun ortaq neft şirkəti və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında imzalanıb. 25 il müddətinə bağlanmış müqavilənin qüvvəyə minmə tarixi isə 1 yanvar 2012-ci il olaraq müəyyən edilib. Ərazidə hasilat və bərpa işlərinin aparılması üçün həmin ilin əvvəlində “Balakhani Operating Company” şirkəti təsis edilib. Şirkət hazırda ərazinin bərpası və işlənməsi çərçivəsində işləri davam etdirir.

Azərbaycanın ən qədim neft-qaz yataqlarından olan “Balaxanı-Sabunçu-Ramana” işlənmənin son mərhələsindədir. Uzun illər istismar olunmasına baxmayaraq, yatağın ehtiyatları hələ tükənməyib. Mütəxəssislər yatağın çıxarıla bilən qalıq neft ehtiyatlarını 7,3 milyon ton səviyyəsində qiymətləndirirlər. İşlənmənin sonuncu mərhələsində olan yataqların təbii enerjisi tükəndiyindən quyularda hasilat xeyli azalıb. Bununla belə, “Balakhani Operating Company” şirkətinin həyata keçirdiyi çoxsaylı tədbirlər, neftçıxarmada mütərəqqi üsulların tətbiqi yatağın çıxarıla bilən qalıq ehtiyatlarının işlənməyə cəlb edilməsinə imkan yaradır.

Ölkəmizdə neftin sənaye üsulu ilə çıxarılmasına başlandığı ötən 178 ildə quruda və Xəzər akvatoriyasında çoxsaylı axtarış-geofiziki tədqiqat işləri aparılıb. Bunun da nəticəsində 150-yə yaxın perspektivli struktur aşkar edilib. Hazırda ölkə üzrə istismarda olan yataqların 39-u quruda yerləşir. Həmin yataqlar uzun illərdir istismar olunmasına baxmayaraq, buradakı neft-qaz ehtiyatları hələ tükənməyib. Belə olan təqdirdə quruda yerləşən yataqların işlənilməsinin davam etdirilməsi ölkəmizdə neft hasilatının artırılmasına əlavə imkanlar yarada bilər. Elə mütəxəssislər də həmin yataqları hasilatın artırılması üçün sabit və etibarlı mənbə hesab edirlər.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью