Kola və burqer həvəskarlarına bəd xəbər Qadağan olunur

04.02.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ÜST-ün tövsiyələrinə əsasən bəzi ölkələrdə şəkərli içkilər və hazır qidalar yüksək vergiyə cəlb olunur. Məqsəd əhalini daha sağlam qidalanmaya yönəltmək, xüsusilə də şəkər və transyağ istehlakını azaltmaqdır. Vergilər sözsüz ki, qiymət artımına səbəb olacaq. Bu isə həmin məhsullara tələbatı zəiflədə, uzunmüddətli perspektivdə isə sağlamlıq göstəricilərinə müsbət təsir göstərə bilər. Amma, sözügedən qərar cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi ekspertlər bu addımın sosial təsirlərinə diqqət çəkir, vətəndaşların bir qismi isə vergilərin fərdi seçim azadlığını məhdudlaşdırdığını düşünür. Müzakirələr göstərir ki, sağlam qidalanmanın təşviqi ilə şəxsi qərar azadlığı arasında balans məsələsi hələ də açıq qalır.
Tibb eksperti Rasif Bağırov Demokrat.az-a açıqlamasında bildirib ki, insan sağlamlığı məsələsində çox zaman qiymətlərin artırılması düzgün yanaşma kimi təqdim olunur, amma əslində məqsəd məhsulu daha yaxşı satmaqdır:
“İnsan sağlam və uzun ömürlü olmaq istəyirsə, uşaq yaşından, hətta 20 yaşdan etibarən ciddi dietaya riayət etməlidir. Bu dietaya həyat boyu davam etməli, qidanın düzgün seçilməsi ömrün uzanmasına xidmət etməlidir. Yediyimiz bəzi qidalar, xüsusilə 13-14 yaşdan sonra qəbul etdiyimiz məhsullar, əslində orqanizmə ziyan verir və ömrü qısaldır. İnsan bədəni yaşlandıqca əsas enerjisini yalnız düzgün qidalarla sərf etməli, həyatını uzatmalıdır.”
Ekspert vurğulayıb ki, əgər insanlar 17-18 yaşdan etibarən sağlam dietaya əməl etsəydilər, çox böyük ehtimalla bir çox qida zavodları bağlanmalı olardı, xərçəng hallarının sayı isə azalardı:
“Sağlam həyat tərzi qəbul olunduqda sənaye üsulu ilə istehsal olunan zərərli məhsullara ehtiyac azalır. Digər tərəfdən, insanlar qidanı yalnız sağlamlıq üçün deyil, eyni zamanda əhval-ruhiyyəsini yüksəltmək üçün də qəbul edirlər. Təəssüf ki, əhval-ruhiyyə verən qidaların böyük əksəriyyəti orqanizm üçün zərərlidir və buna görə də zavodlar məhsulların qiymətini artırırlar. Məqsəd isə əsasən satışın artırılmasıdır, sağlamlıqla əlaqələndirmək düzgün deyil.”
Rasif Bağırovun sözlərinə görə siqaret nümunəsində olduğu kimi, insanlar qida məhsullarının sağlamlığa vurduğu zərəri daha aydın dərk etsəydilər, qiymət artımı satış həcminə bu dərəcədə təsir etməzdi.
“Amma insanların təbiəti belədir ki, hətta ziyanını bilsələr də, məhsulu alırlar. Buna görə də məhsulların qiymətinin artması əsasən marketinq strategiyası ilə bağlıdır, sağlamlıq məsələləri ilə deyil. Avropa ölkələrində insanlar zərərli vərdişlərdən çəkinsələr də, bizdə bəzi şirin və zərərli məhsullar geniş yayılıb və insanların ömrünə mənfi təsir göstərir. Nəticə etibarilə, məhsulların qiymətini qaldırmaq sağlamlıqla əlaqələndirilə bilməz. Qiymət artımı daha çox marketinq və satış strategiyasının nəticəsidir, insanların sağlamlığı isə yalnız düzgün qida seçimi və həyat tərzindən asılıdır.”
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью