Kolbasa və sosiska alarkən diqqətli olun KONKRET

17.11.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə məhsulların yenidən satışa çıxarılması istehlakçıların sağlamlığı üçün ciddi risk yaradır.

Bəs vətəndaşlar mağazalardan kolbasa və sosiska alarkən nələrə diqqət yetirməli, keyfiyyətsiz və təhlükəli məhsulları necə müəyyənləşdirməlidirlər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, kolbasa, sosiska, süd və süd məhsulları risk qrupuna aid qidalar olduğundan onların istehsalı, saxlanılması və satışına xüsusi nəzarət edilməlidir.

Ekspertin sözlərinə görə, istehsal və ya saxlanma anbarlarında yararlılıq müddəti bitmiş məhsulların yenidən dövriyyəyə qaytarılması və istehlakçılara satılması yolverilməzdir. Bu cür hallar qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.

İlkin Şirinov qeyd edib ki, istehlakçılar kolbasa və sosiska alarkən ilk növbədə məhsulun etiket məlumatlarını yoxlamalıdırlar. Etiketdə məhsulun adı, tərkibi, istehsalçının adı və ünvanı, istehsal və son istifadə tarixi, eləcə də saxlanma şəraiti aydın şəkildə göstərilməlidir.

Onun sözlərinə görə, etiketi olmayan, üzərindəki tarix silinmiş və ya dəyişdirildiyi şübhəsi yaradan məhsulların alınması insanların öz sağlamlığını təhlükəyə atması deməkdir.

Ekspert digər mühüm məqamın məhsulun saxlanma şəraiti olduğunu vurğulayıb. Bildirib ki, kolbasa və sosiska soyuq zəncirin qorunmasına həssas məhsullardır. Buna görə də alıcılar həmin məhsulların soyuducuda saxlanılıb-saxlanılmadığına, temperatur göstəricilərinə və soyuducuda həddindən artıq sıx yerləşdirilməsinə diqqət yetirməlidirlər.

Şirinovun sözlərinə görə, məhsulun son istifadə müddətinin keçməməsi onun mütləq təhlükəsiz olması demək deyil. Əgər kolbasa və ya sosiska tələb olunan temperaturda saxlanılmayıbsa, yararlılıq müddəti bitməsə belə, istehlak üçün təhlükəli ola bilər.

Qablaşdırmanın vəziyyətinə də xüsusi diqqət yetirilməlidir. Vakuum qablaşdırması şişmiş, deşilmiş və ya hermetikliyi pozulmuş məhsulların alınması tövsiyə edilmir. Eyni zamanda, kolbasanın rəngində, səthində və ümumi görünüşündə qeyri-adi dəyişikliklər də xəbərdarlıq siqnalı hesab olunur.

Ekspert qeyd edib ki, məhsulun səthində selik və yapışqanlıq, qeyri-adi ləkələr, rəng dəyişikliyi və kəskin xoşagəlməz qoxu müşahidə edilərsə, həmin məhsul alınmamalı və istehlak olunmamalıdır.

İlkin Şirinov endirimli məhsulların alınması zamanı da diqqətli olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda yararlılıq müddətinin bitməsinə az qalmış məhsullar digər məhsullarla birlikdə xüsusi paketlərdə satışa çıxarıla bilər. Buna görə də istehlakçılar endirimli kolbasa və sosiska alarkən həm məhsulun, həm də ümumi bağlamanın üzərindəki tarixləri ayrıca yoxlamalıdırlar.

Ekspert hesab edir ki, istehlakçılar yalnız məhsulun qiymətinə və tanınmış marka olmasına güvənməməlidirlər. Qida təhlükəsizliyi baxımından şübhə doğuran məhsulu dadına baxmaqla yoxlamaq düzgün yanaşma deyil. Belə hallarda məhsuldan istifadə edilməməli, mümkün olduqda qablaşdırma və alış qəbzi saxlanılaraq satıcıya qaytarılmalıdır.

Şirinov nəzarət mexanizmlərinin yalnız təhlükəli məhsul aşkarlandıqdan sonra işə düşməsinin düzgün yanaşma olmadığını da bildirib. Onun fikrincə, istehsalçı və ticarət müəssisələrinin anbarlarında mütəmadi monitorinqlər aparılmalı, sahibkarlara məhsulların saxlanma şəraiti, qablaşdırılması və digər qida təhlükəsizliyi tələbləri ilə bağlı təlimlər keçirilməlidir.

Ekspert əlavə edib ki, sahibkarlara saxlanma şəraiti, məhsul qonşuluğu və qablaşdırma ilə bağlı əvvəlcədən tövsiyə və tapşırıqlar verilməsi, daha sonra isə müvafiq tələblərə əməl olunmasına nəzarət edilməsi vacibdir. Lakin yararlılıq müddəti bitmiş məhsulların yenidən satışa çıxarılması məsələsində hər hansı güzəştə yol verilməməlidir.

Beləliklə, kolbasa və sosiska alarkən istehsal və son istifadə tarixini yoxlamaq, etiketi oxumaq, qablaşdırmanın bütövlüyünə, saxlanma temperaturuna, məhsulun rənginə və qoxusuna diqqət yetirmək istehlakçıların əməl etməli olduğu əsas qaydalardır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью