Kolleclər birləşdiriləcək, yoxsa bağlanacaq? KONKRET

20.10.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin yenidən nəzərdən keçirilməsi, bəzi ixtisasların ləğvi və kolleclərin bir qisminin peşə təhsili müəssisələri ilə əvəzlənməsi məsələsi gündəmə gətirilir. Əmək bazarında orta ixtisas təhsili diplomunun nə dərəcədə əhəmiyyət daşıması və kollecləri bitirən gənclərin işlə təmin olunması da müzakirə mövzularındandır.

Bəs yaxın gələcəkdə texnikum və kolleclərin birləşdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, texnikum və kollec mahiyyət etibarilə eyni təhsil pilləsini ifadə edir. Onun sözlərinə görə, hazırda orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti bir sıra istiqamətlər üzrə ciddi şəkildə yenidən qiymətləndirilməlidir.

Ekspert qeyd edib ki, bəzi ixtisaslar üzrə kolleclərin fəaliyyəti qənaətbəxş olsa da, bir çox sahələrdə təhsilin əmək bazarının tələblərinə uyğunluğu sual doğurur.

“Bu gün gənc kolleci bitirdikdən sonra hansı işdə çalışa bilər? Tibb kolleclərini bitirənlər müvafiq ixtisas üzrə, məsələn, tibb bacısı kimi fəaliyyət göstərə bilirlər. Ancaq maliyyə, mühasibatlıq və mühəndislik kimi istiqamətlərdə təhsil alan gənclərin əmək bazarına çıxışı ilə bağlı problemlər mövcuddur. Bəzi işəgötürənlər universitet diplomuna üstünlük verir. Belə olan halda kollecdə təhsil alan gəncin çəkdiyi zəhmətin nəticəsi nə olur? Orta ixtisas təhsilinin məqsədi və məzunlara qazandırdığı üstünlüklər aydın şəkildə müəyyənləşdirilməlidir”, – deyə ekspert vurğulayıb.

R.Nurəliyevin fikrincə, bəzi ixtisaslar üzrə kollecləri bitirən gənclərin iş tapmaqda çətinlik çəkməsi həmin müəssisələrin fəaliyyətinə yenidən baxılmasını zəruri edir. Onun sözlərinə görə, elə ixtisaslar var ki, bu sahələrdə təhsil alanlar universitetə qəbul olmaq imkanları baxımından da çətinliklərlə üzləşirlər.

Ekspert hesab edir ki, orta ixtisas təhsili müəssisələrində bütün ixtisasların eyni formada saxlanılması düzgün yanaşma deyil. Əmək bazarında tələbat olan istiqamətlər qorunmalı, məzunlarına real iş imkanları yaratmayan ixtisaslar isə yenidən qiymətləndirilməlidir.

“Bəzi ixtisasların kolleclərdən ləğv olunmasının, bir qisminin isə saxlanılmasının tərəfdarıyam. Hətta kolleclərin bir çoxunun peşə təhsili müəssisələri ilə əvəzlənməsini istərdim. Bununla belə, peşə təhsili sistemində də islahatlara ehtiyac var. Əsas məsələ odur ki, gənc kolleci bitirdikdən sonra hansı sahədə işləyəcəyini bilməli, aldığı təhsil ona əmək bazarında real imkanlar yaratmalıdır”, – deyə o, bildirib.

R.Nurəliyev kolleclərin nüfuzunun artırılması üçün ali təhsil müəssisələrinə qəbul mexanizminin də təkmilləşdirilməsini vacib sayır. Onun fikrincə, Dövlət İmtahan Mərkəzi kollecləri bitirənlər üçün ali təhsilə qəbul zamanı ayrıca plan yerlərinin ayrılması məsələsinə baxmalıdır.

Ekspertin qənaətinə görə, bu cür dəyişikliklər orta ixtisas təhsilinin əhəmiyyətini artıra, gənclərin təhsilə marağını gücləndirə və kolleclərin fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verə bilər.

Beləliklə, ekspertin təklifləri orta ixtisas təhsili müəssisələrinin birləşdirilməsindən daha çox, onların fəaliyyətinin yenidən qurulması, ixtisasların əmək bazarına uyğunlaşdırılması və məzunların gələcək karyera imkanlarının genişləndirilməsi məsələlərini ön plana çıxarır.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью