Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.
Bu barədə Gununsesi.info-ya DİM-dən məlumat verilib.
Boş qalan plan yerlərinə ixtisas seçimi 27 sentyabr saat 23:59-dək davam edəcək.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
İxtisas seçimi internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
25 sentyabr saat 09:15-ə olan məlumata əsasən 1356 abituriyent (Azərbaycan bölməsi – 1222, rus bölməsi – 134) ərizəsini təsdiq edib.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.