Kolleclərə tələbə qəbulunun nəticələri müzakirə olunub

20.11.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Noyabrın 20-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində 2026–2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr olunmuş görüş keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin rəhbər və işçi heyətinin iştirak etdiyi görüşdə cari tədris ili üzrə qəbul göstəriciləri əvvəlki illərin nəticələri ilə müqayisə edilib, sahənin inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.

Görüşü giriş sözü ilə açan Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman orta ixtisas təhsili sahəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və təhsil müəssisələrindən əsas gözləntilər barədə məlumat verib.

Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva 2026–2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə dair təqdimatla çıxış edib. Təqdimatda 2021–2022-ci tədris ilindən başlayaraq tələbə qəbulunun dinamikası və faktiki qəbul göstəriciləri, eləcə də ixtisaslar və təhsil müəssisələri üzrə nəticələr əks olunub. Qəbul olunan tələbələrin demoqrafik göstəriciləri və məzunların məşğulluq vəziyyəti də təhlil edilib.

Görüşdə təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbə qəbulu planlaşdırılarkən əmək bazarının ehtiyaclarının və təhsil müəssisələrinin potensialının nəzərə alınması, habelə məzunlarla əlaqələrin gücləndirilməsi və karyera dəstəyi məsələləri diqqətə çatdırılıb.

Sonda orta ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə tələbə qəbulunun nəticələri, mövcud çağırışlar və qarşıda duran prioritet vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью