Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bəzi kolleclərin universitetlərin tabeliyinə verilməsi məsələsi gündəmdədir. Hazırda kolleclərin təxminən 70–80 faizinin universitetlərin nəzdində fəaliyyət göstərdiyini görürük. Müstəqil fəaliyyət göstərən kolleclər isə nisbətən azdır və bunların bir qismi, xüsusilə də bölgələrdə yerləşən kolleclərdir. Bakı şəhərindəki kolleclərin əksəriyyəti isə universitetlərin nəzdində fəaliyyət göstərir".
Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Onun sözlərinə görə, kollec təhsilinə gəldikdə, hesab edirəm ki, hazırkı vəziyyət tam qənaətbəxş deyil: "İlk növbədə, kollecdə təhsil alan tələbələrə bəzi hallarda hərbi xidmətdən möhlət hüququ verilmir. Digər tərəfdən, subbakalavr diplomu əldə edən məzunlar universitetlərin müəyyən ixtisaslarına qəbul zamanı çətinliklərlə üzləşirlər.
Bu səbəbdən potensialı yüksək olan şagirdlərin bir çoxunun kollec təhsilini seçmədiyini müşahidə edirik. Hətta bəzi hallarda onlara tövsiyə edirik ki, əgər ali təhsil almaq potensialları varsa, kollecdə təhsil almaqdansa, birbaşa universitetə hazırlaşsınlar. Çünki gələcəkdə subbakalavr kimi universitetə qəbul olmaq müəyyən çətinliklər yarada bilər.
Bununla yanaşı, hazırda kollec təhsili ilə peşə təhsili arasında seçim məsələsi də aktuallaşıb. Bəzi istiqamətlər üzrə peşə təhsilinə yönəlmək daha məqsədəuyğun ola bilər. Çünki kolleci bitirən məzunların əmək fəaliyyətinə başlaması zamanı müəyyən problemlər yaranır. Tibb ixtisasları istisna olmaqla, bir sıra digər sahələrdə məzunlar əmək bazarına daxil olmaqda çətinlik çəkirlər. İşəgötürənlər kollec məzunu ilə universitet məzununu müqayisə etdikdə, bəzi hallarda ali təhsilli namizədə üstünlük verirlər. Bu da kolleclərin əmək bazarındakı mövqeyinə mənfi təsir göstərir.
Bu il kolleclərin keçid ballarının aşağı düşməsinə bir neçə amil təsir göstərib. Bunlardan biri peşə təhsilinin inkişafıdır. Peşə təhsilinin inkişafı istiqamətində atılan addımlar əvvəlki illərdə kollecə yönələn bəzi abituriyentlərin peşə təhsilini seçməsinə səbəb olub. Bu isə kolleclərə olan tələbatın azalmasına və nəticədə keçid ballarının aşağı düşməsinə təsir göstərə bilər.
Digər amil isə builki buraxılış imtahanlarının çətinliyi ilə bağlıdır. İmtahanların çətin keçməsi abituriyentlərin topladıqları ballara təsir edir və bu da kolleclərin keçid ballarında özünü göstərə bilər.
Ümumilikdə, kolleclərin inkişafı üçün hansı addımların atılmalı olduğu barədə danışarkən, ilk növbədə, qəbul planının və ixtisaslar üzrə qəbul mexanizmlərinin təkmilləşdirilməsini vacib hesab edirəm. Təklifim ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi qəbul prosesində kolleclər üçün ayrıca qəbul planı müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirsin. Bu, kolleclərdə rəqabətin formalaşmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə müəyyən töhfə verə bilər.
Çünki hazırda bir sıra ixtisaslar üzrə subbakalavrların universitetlərə qəbulu zamanı çətinliklər yaranır. Bu problemin həlli, kolleclərin əmək bazarının tələblərinə uyğunlaşdırılması və məzunların məşğulluq imkanlarının artırılması kollec təhsilinə marağın yüksəlməsinə kömək edə bilər".