Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampa ölkə hüdudlarından kənarda yaşayan narkobaronların adlarının yer aldığı siyahını təqdim etdiyini və onların birgə səylərlə təqib olunmasının vacibliyini bildirib.
APA xəbər verir ki, Petro bu barədə Vaşinqtonda ABŞ lideri ilə görüşdən sonra keçirilən mətbuat konfransında açıqlama verib.
“Dəbdəbəli narkotik ticarətinin ön xəttində Dubayda, Madriddə, Mayamidə yaşayan şəxslər dayanır. Mən onların və onlarla əlaqəli şəxslərin adlarını Prezident Trampa təqdim etdim. Bunlar əsas başçılardır. Onların pulları Kolumbiyadan kənardadır və müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq çərçivəsində birgə təqib olunmalıdırlar”, – deyə Petro bildirib.
Onun sözlərinə görə, transmilli narkotik ticarətinə qalib gəlmək üçün ilk növbədə cinayət zəncirlərinin başında dayanan şəxslərin saxlanılması vacibdir. Petro qeyd edib ki, bu şəxslər arasında kolumbiyalılar da var, lakin onlar çoxluq təşkil etmir.
Xatırladaq ki, Donald Tramp və Qustavo Petro fevralın 3-də Ağ Evdə danışıqlar aparıb. Görüşdən sonra ABŞ Prezidenti narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq barədə razılaşma əldə olunduğunu açıqlayıb.