Kolumbiyada Azərbaycanın Zəfər tarixi barədə mühazirə keçirilib

03.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Kolumbiyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Rosario Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mühazirə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mühazirə zamanı tələbələrə Azərbaycanın müasir tarixi, 44 günlük Vətən müharibəsi, onun nəticələri, Zəfər Gününün xalqımızın tarixində və milli yaddaşında yeri, eləcə də müharibədən sonrakı dövrdə Cənubi Qafqazda yaranmış yeni reallıqlar və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Azərbaycanın Kolumbiyadakı diplomatik nümayəndəliyinin əməkdaşı Namik Ramazanov çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, 8 Noyabr Azərbaycan xalqı üçün təkcə hərbi Qələbənin deyil, həm də milli birliyin, iradənin və tarixi ədalətin təntənəsinin rəmzidir.

Mühazirədə, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərin yenidən qurulması, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı diqqətə çatdırılıb. Bununla yanaşı, mina təhlükəsinin həmin ərazilərdə bərpa-quruculuq işlərinə və təhlükəsiz yaşayışın təmin olunmasına ciddi maneə yaratdığı bildirilib. Qeyd olunub ki, əldə edilən nailiyyətlərə baxmayaraq, mina partlayışları insan tələfatına səbəb olmaqda davam edir və geniş ərazilərin təhlükəsiz istifadəsini məhdudlaşdırır.

Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində irəli sürdüyü təşəbbüslərə də toxunulub. Ermənistanla münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsinin Cənubi Qafqazın sabitlik və inkişaf məkanına çevrilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Mühazirənin sonunda tələbələrin Azərbaycanın xarici siyasəti və regionda baş verən proseslərlə bağlı sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью