Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kolumbiya Prezidenti Abelardo de la Espriella 10 avqustda baş verən 7,4 bal gücündə zəlzələnin təxminən 9,5 milyard dollar maddi ziyana səbəb olduğunu açıqlayıb.
De la Espriella millətə müraciətində zəlzələnin səbəb olduğu həyat və əmlak itkisinə toxunaraq bildirib ki, Məhkəmə Tibb İnstitutunun (İTİ) paylaşdığı 304 ölüm sayının əksinə olaraq, fəlakətdə indiyə qədər 289 nəfər həyatını itirib. Həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayan De la Espriella deyib: “Ata, ana, uşaq, həyat yoldaşı, bacı-qardaş və ya dostun buraxdığı boşluğu tam doldura biləcək söz yoxdur”.
De la Espriella qeyd edib ki, özəl bir şirkətin ilkin texniki qiymətləndirməsinə görə, zəlzələdən ən çox təsirlənən ərazilərdə birbaşa fiziki ziyan təxminən 30 trilyon Kolumbiya pesosu (9,5 milyard dollar) təşkil edir.
Ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu vurğulayan De la Espriella bildirib:”İndiyə qədər 4187 nəfərin xəsarət aldığı, 143 nəfərin isə itkin düşdüyü bildirilir. 120328-dən çox ailə zərər çəkmiş kimi qeydiyyata alınıb, 26945 ev dağılıb və 127557-dən çox evə ziyan dəyib. Fəlakət 15 əyalətdə 450 bələdiyyəyə təsir edib. Bu o deməkdir ki, ölkəmizin təxminən üçdə biri zəlzələdən təsirlənib”.
De la Espriella axtarış-xilasetmə əməliyyatlarının hələ də davam etdiyini bildirib: "Dağıdıcı fəlakətdən dərhal sonra verdiyim təlimat aydındır: Vətəndaşlarımızdan birinin sağ qalması ehtimalı olduğu müddətcə axtarış-xilasetmə qrupları ərazidə qalacaq”.
De la Espriella yenidənqurma prosesini idarə etmək üçün "Möcüzə Fondu" (Fondo Milagro) adlı yeni fondun yaradıldığını elan edib. Fond 1999-cu ildə Ermənistanda, Kolumbiyada baş verən zəlzələdən sonra yaradılan "Qəhvə Oxunun Yenidənqurma və Sosial İnkişaf Fondu (Forec)" modelinə əsasən fəaliyyət göstərəcək.
Hökumət evlərini itirən ailələrə kirayə yardımı, dövlət xidmətlərinə daha asan çıxış və yeni mənzil və mənzil təkmilləşdirmələri üçün dəstək verməyi planlaşdırır. Prezident De la Espriella həmçinin podratçıları və maliyyə qurumlarını bu prosesi dəstəkləməyə çağırıb.
M.MİRZƏ
XQ