Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Kolumbiya Niderlandla birlikdə 28-29 aprel 2026-cı il tarixlərində Santa Martada keçiriləcək mədən yanacaqlarının mərhələli şəkildə dayandırılması üzrə ilk beynəlxalq konfransa ev sahibliyi edəcək. AZƏRTAC bu barədə “Climatechangenews” nəşrinə istinadla xəbər verir.
Tədbir qlobal energetika sistemlərinin kömür, neft və təbii qazdan davamlı enerji mənbələrinə keçidinə həsr olunacaq və bu prosesdə ölkələrə dəstək yolları müzakirə ediləcək.
Konfransda hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, enerji və iqlim dəyişikliyi üzrə mütəxəssislər, eləcə də yerli xalqların, icmaların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər. Əsas mövzular arasında “ədalətli keçid” üçün hüquqi, iqtisadi və sosial strategiyaların hazırlanması, həmçinin mədən yanacaqlarından asılılığı azaltmaq məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi yer alacaq.
Tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 30-cu sessiyasının (COP30) bu yaxınlarda başa çatmasından sonra təşkil olunur. Sessiyada qazıntı yanacaqlarının mərhələli şəkildə dayandırılması üçün dəqiq bir plan barədə razılığa gəlinməyib. Kolumbiya və Niderland hakimiyyət orqanlarının təmiz enerjiyə keçid üçün konkret addımları müzakirə etmək məqsədilə ayrıca bir forum yaratmaq qərarına gəlməsinin səbəblərindən biri də bu amildir.
Konfransın məqsədlərinə, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafını təşviq etmək, iqtisadi şaxələndirmə, kömür, neft, qazdan asılı iş yerlərinə və icmalara dəstək göstərilməsi daxildir. Təşkilatçılar bu tədbirin müxtəlif milli və regional kontekstlərdə tətbiq olunan alətlər və təşəbbüslər hazırlamaqda dövlətlərin və digər iştirakçıların səylərini birləşdirməyə kömək edəcəyini gözləyirlər.