Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kolumbiyada göyərtəsində 15 nəfərin olduğu təyyarə qəzaya uğrayıb, sağ qalan yoxdur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CNN çərşənbə günü, yanvarın 28-də Kolumbiya Mülki Aviasiya İdarəsinə və rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 13 sərnişin və iki heyət üzvü olub. Ölənlər arasında Kolumbiya Konqresinin üzvü Diogenes Kintero da var. Kinteronun kommunikasiya qrupu təyyarə ilə əlaqə itdikdən sonra onun və köməkçisinin taleyindən xəbər alınmadığını açıqlamışdı.
Kolumbiyanın nəqliyyat naziri Mariya Fernanda Roxas bildirib ki, dövlətə məxsus Satena aviaşirkətinə aid təyyarə havaya qalxdıqdan qısa müddət sonra hava nəqliyyatının idarə edilməsi ilə əlaqəni itirib. Təyyarə Kukuta şəhərindən Şimali de Santander departamentinin Okaña şəhərinə uçurmuş.
Satena aviaşirkətinin məlumatına görə, təyyarə yerli vaxtla saat 11:42-də havaya qalxıb və saat 12:05-də eniş etməli idi. Son əlaqə isə saat 11:54-də qeydə alınıb. FlightAware uçuş izləmə saytının məlumatına əsasən, təyyarənin siqnalı Camilo Daza hava limanından qalxdıqdan təxminən doqquz dəqiqə sonra itib.
Rəsmilər bildiriblər ki, təyyarə La Playa de Belén kəndi ərazisində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində aşkarlanıb. Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, son dövrlər müxtəlif ölkələrdə bir sıra aviasiya qəzaları qeydə alınıb. Yaxın vaxtlarda ABŞ-da göyərtəsində səkkiz nəfərin olduğu özəl təyyarə qəzaya uğrayıb, dekabr ayında isə Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Texasda qəzaya düşərək azı beş nəfərin ölümünə səbəb olub.