Kolumbiyada zəlzələ qəhvə ixracını demək olar ki, tamamilə dayandırıb

12.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kolumbiyada baş verən güclü zəlzələ ölkənin qəhvə ixracını demək olar ki, tamamilə dayandırıb. Bloomberg bu barədə qəhvə ixracatçıları assosiasiyası Asoexport-a istinadən məlumat yayıb. Hazırda şirkətlər dəymiş zərərin miqyasını qiymətləndirirlər.

Asoexport rəhbəri Qustavo Qomesin sözlərinə görə, Kolumbiyanın qəhvə ixracında əsas limanı olan Buenaventura yolların dağıntılar və bağlanmalar səbəbindən ölkənin digər bölgələrindən təcrid olunub. Liman ölkənin qərbində, Sakit okean sahilində yerləşir.

Hazırda ölkənin cənub bölgələrində – Kauka, Narinyon, Vaye-del-Kauka, Uila və digər ərazilərdə qəhvə məhsulunun yığımı intensiv şəkildə davam edir. Bu qəhvənin böyük hissəsi adətən Buenaventura limanı vasitəsilə ixrac olunur.

“Yalnız ayrı-ayrı, təcrid olunmuş yükləmələr həyata keçirilə bilər. Hazırda yolun tam olaraq nə vaxt açılacağı ilə bağlı konkret rəsmi məlumat yoxdur”, – Qomes bildirib.

Bloomberg qeyd edir ki, Kolumbiyanın Karib dənizi sahilində yerləşən digər limanları – Kartaxena və Santa-Marta ciddi problemlər barədə məlumat verməyib. Lakin qəhvə ixracının şimal istiqamətinə yönləndirilməsi yük maşınlarının çatışmazlığı səbəbindən çətinləşir.

Zəlzələdən sonra qəhvə emalı müəssisələrinə ciddi ziyan dəyməsi barədə məlumat daxil olmayıb. Bununla belə, elektrik enerjisi və rabitədə yaranan fasilələr, eləcə də fəlakət nəticəsində evlərini itirən işçilərin vəziyyəti müəssisələrin fəaliyyətinə təsir göstərir.

Avqustun 10-da Kolumbiyada 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri San-Xose-del-Palmar şəhərindən 5 kilometr məsafədə yerləşib. Ölkədə milli fəlakət rejimi elan olunub.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 169 nəfər həlak olub, 668 nəfər yaralanıb.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью