Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elektrik enerjisi, təbii qaz və su istehlakına tətbiq olunan limitlər uzun müddətdir cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə müəyyən edilmiş həddi keçən istehlaka daha yüksək tariflərin tətbiq olunması vətəndaşların kommunal xərclərini artıraraq sosial yükü ağırlaşdırır.
Bəs kommunal xidmətlər üzrə mövcud limitlərin gələcəkdə tamamilə ləğv edilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, kommunal xidmətlər üzrə limitlərin ləğvi uzun müddətdir gündəmdə olan məsələlərdəndir.
Onun sözlərinə görə, mövcud limitlər əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir:
“Kommunal xidmətlər üzrə limitlərin aradan qaldırılması dəfələrlə səsləndirdiyimiz məsələdir. Bu gün də hökumətə çağırış edirəm ki, bu limitlər ləğv olunmalıdır. Ölkə daxilində tətbiq edilən limitlər əhalinin sosial vəziyyətini daha da ağırlaşdırır. Bizim vəzifəmiz doğru bildiyimizi hökumətə çatdırmaq və bununla bağlı çağırış etməkdir”.
İqbal Ağazadə kommunal xidmətlərin maya dəyəri ilə əhaliyə tətbiq olunan satış tarifləri barədə də ictimaiyyətə daha ətraflı məlumat verilməsinin vacibliyini vurğulayıb.
“Dövlət elektrik enerjisinin, suyun və qazın maya dəyərini açıqlamalıdır. Bunlar dövlətə neçəyə başa gəlir və əhaliyə neçəyə satılır? Bu məlumatlar açıqlanmayana qədər tətbiq edilən ödənişləri ədalətli hesab etməyəcəyəm”, – deyə partiya sədri bildirib.
O, xüsusilə elektrik enerjisinin istehsalının maya dəyəri ilə bağlı real rəqəmlərin ictimaiyyətə təqdim edilməli olduğunu qeyd edib:
“Bildiyim qədərilə elektrik enerjisinin maya dəyəri kifayət qədər aşağıdır. Dövlət bunu cəmiyyətə açıqlamalıdır. Bu sahədən büdcənin nə qədər gəlir əldə etdiyi, əldə olunan əlavə vəsaitlərin hara yönəldildiyi də şəffaf şəkildə göstərilməlidir”.
İqbal Ağazadənin fikrincə, əhalinin sosial yükünün azaldılması üçün kommunal xidmətlər üzrə limitlər tamamilə aradan qaldırılmalıdır.
Beləliklə, kommunal limitlərin gələcək taleyi ilə bağlı məsələ həm sosial, həm də iqtisadi baxımdan aktuallığını qoruyur. Limitlərin ləğvi ilə bağlı təkliflər səsləndirilsə də, hazırda bu istiqamətdə konkret qərarın qəbul edilməsi barədə rəsmi məlumat yoxdur.
Aynurə İsmayıl
KONKRET.az