Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın Komo şəhərinin meri Alessandro Rapinez velosiped qəzasından sonra tarixi şəhər mərkəzində velosiped sürməyi qadağan edib.
Axşam.az “The Guardian”a istinadən xəbər verir ki, qadağa sentyabrda qüvvəyə minəcək və şəhərin təxminən 30 küçəsini əhatə edəcək.
Qərar yerli sakinlər və siyasətçilər tərəfindən narazılıqla qarşılanıb. Onlar merin qərarı şəxsi qisas hissi ilə verdiyini iddia ediblər. Rapinez isə ittihamları qismən təsdiqləyib.
“Məni bu tədbiri ona görə qəbul etməkdə ittiham edirlər ki, məni elektrik velosipedi vurub. Bu, əlbəttə, doğrudur. İnsanlar öz təcrübələrinə əsasən qərar verirlər və mən bu vasitələrdən biri tərəfindən vurulmağın necə olduğunu bilirəm” deyə, mer bildirib.
Velosiped tərəfdarları artıq qadağanın ləğvi üçün petisiya hazırlayıblar. Onların sözlərinə görə, velosiped həm ucuz, həm də ekoloji baxımdan təmiz nəqliyyat vasitəsidir. Bundan xüsusilə kuryerlər və şəhər mərkəzində fəaliyyət göstərən mağaza sahibləri istifadə edir.
Komo velosipedçiləri etiraz olaraq sentyabrın ortalarında qadağanın tətbiq ediləcəyi küçələrdə kütləvi yürüş keçirməyi planlaşdırırlar.
Buna baxmayaraq, Rapinez qərarında israrlıdır. Mer qadağanı şəhərin mərkəzində, xüsusilə turistlərin çox olduğu ərazidə ictimai təhlükəsizliyin təmin edilməsi üçün vacib hesab edir.
Qeyd edək ki, Komonun mərkəzində elektrik skuterlərinin icarəsi 2022-ci ildən qadağandır.
Rapinezi iyun ayında bələdiyyə binasından çıxarkən velosipedçi vurub. Qəza nəticəsində xəsarət alan merin hadisə ilə bağlı diqqətçəkən detalı isə odur ki, həmin gün şəhərin mərkəzində nəqliyyatın məhdudlaşdırılması məsələsi icra komitəsinin iclasında müzakirə olunurdu.
Merə çırpılan velosipedçi isə hadisə yerindən qaçıb və indiyədək tapılmayıb.