Konqoda Ebola şübhəsi: 200 sərnişini olan gəmi saxlanılıb

06.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Konqo Demokratik Respublikasının (KDR) hakimiyyəti paytaxt Kinşasa yaxınlığında göyərtəsində Ebola virusuna yoluxduğu ehtimal edilən şəxsin olduğu gəminin saxlanılmasından sonra əhalini təşvişə düşməməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, KDR hökumətinin sözçüsü Patrik Muyaya Kinşasada keçirdiyi mətbuat konfransında bildirib ki, paytaxtdan 65 kilometr məsafədə Konqo çayı ilə Çopo əyalətinin Kisangani şəhərindən gələn gəmi dayandırılıb.

Onun sözlərinə görə, gəmidə olan sərnişinlərdən biri Kinşasadan təxminən 1200 kilometr uzaqlıqda yerləşən Pimu yaşayış məntəqəsində gəmini tərk edib. Həmin şəxs sonradan Ebola xəstəliyinə bənzər əlamətlərlə vəfat edib.

Profilaktik tədbir olaraq gəmidəki bütün 200 sərnişin Ebola virusuna görə yoxlanılır. Analizlərin operativ araşdırılması üçün hadisə yerinin yaxınlığında səyyar laboratoriya fəaliyyətə başlayıb.

KDR-nin səhiyyə naziri Samuel Kamba isə gəmidə çoxsaylı ölüm hallarının baş verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da virusun paytaxta yayılması riskinə qarşı qabaqlayıcı tədbirlər görüb. Təşkilat Kinşasaya girişdə yerləşən Maluku bölgəsində nəzarət məntəqəsi yaradaraq mümkün yoluxma hallarına operativ reaksiya verilməsi üçün hazırlıq vəziyyətinə keçib.

Mayın 15-də başlayan və KDR tarixində 17-ci Ebola epidemiyası hesab olunan yoluxma dalğası davam edir. Avqustun 3-nə olan rəsmi məlumata görə, ölkədə 3 874 təsdiqlənmiş yoluxma, 1 751 ölüm və 749 sağalma halı qeydə alınıb. Epidemiya ölkənin 26 əyalətindən 5-ni əhatə edir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью