Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 4 fevral, AZƏRTAC
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas hədəfi Azərbaycan milli mədəniyyət modelinin formalaşdırılması və həyata keçirilməsidir. Əvvəlki konsepsiya 2014-cü ildə qəbul olunmuşdu. Yeni konsepsiyanın hazırlanması isə qalib dövlət reallıqları, regionda və dünyada baş verən proseslər, yeni çağırışlar fonunda mədəniyyət sahəsinin inkişaf ehtiyaclarından irəli gəlir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov söyləyib.
Onun sözlərinə görə, yeni modeldə davranış mədəniyyəti, bilgi mədəniyyəti, Azərbaycan dili və ədəbiyyatı ön plana çıxır. Ənənəvi incəsənət və yaradıcı sənayelər isə öz mövqeyini qoruyur. Həmin model milli kimliyə, milli-mənəvi dəyərlərə əsaslanan, eyni zamanda Azərbaycanın zəngin mədəni müxtəlifliyini əks etdirən bir sistem kimi formalaşdırılır.
Fərid Cəfərov diqqətə çatdırıb ki, hədəflər sırasında Azərbaycan milli brendinin formalaşdırılması, milli kimliyin mədəni dəyərlər üzərindən təqdim olunması xüsusi yer tutur. Eyni zamanda mədəniyyətin hər kəs üçün əlçatan olması, mədəniyyət xidmətlərinin əhaliyə çatdırılması əsas prioritetlərdəndir.