Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun “After Hours Til Dawn” adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub.
Axşam.az xəbər verir ki, bu barədə “Variety” nəşri konsertlərin təşkilatçısı “Live Nation” şirkətinə istinadən məlumat yayıb.
Bildirilib ki, turun ümumi gəliri 1,3 milyard dolları ötüb. Bununla da sənətçi bu göstəriciyə görə Elton Conu geridə qoyub. Britaniyalı musiqiçinin vida turu “Farewell Yellow Brick Road” 939 milyon dollar gəlir əldə etmişdi.
Bütün zamanların ən çox gəlir gətirən qastrol səfərləri siyahısında isə The Weeknd üçüncü yerdə qərarlaşıb. Ondan öndə yalnız Teylor Svift və “Coldplay” qrupu yer alır.
2022-ci ilin iyulunda başlayan tur 2026-cı il noyabrın 5-də Kuala-Lumpurda keçirilən möhtəşəm konsertlə başa çatıb. Dörd il ərzində müğənni 5 qitəni, 30 ölkəni və 67 şəhəri əhatə edən 176 konsert verib. Onun çıxışlarına ümumilikdə 9 milyondan çox bilet satılıb.
Xüsusilə 2026-cı il turun ən gəlirli dövrlərindən biri olub. Belə ki, təkcə bu il konsertlərdən əldə olunan gəlir 500 milyon dolları ötüb.