Icma.az bildirir, Ses qazeti portalına istinadən.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçilik tariximizin mühüm və əlamətdar səhifəsidir. Bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, xalqımızın demokratik dövlət quruculuğu yolunda atdığı mühüm addımı və milli dövlətçilik ənənələrimizin yeni mərhələyə yüksəlməsini təcəssüm etdirir.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin müasir dövlətçilik tariximiz qarşısındakı misilsiz xidmətlərindən biridir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmış, insan hüquq və azadlıqlarının təmin olunmasını, hakimiyyət bölgüsünün əsas prinsiplərini və dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən etmişdir.
Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi ağır siyasi və iqtisadi böhran, idarəçilikdə yaranmış problemlər dövlətçiliyimizin gələcəyi üçün ciddi təhlükələr yaratmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutlarının formalaşdırılması və hüquqi islahatların həyata keçirilməsi üçün zəruri şərait yaradıldı. Konstitusiyanın qəbul edilməsi isə bu tarixi prosesin ən mühüm nəticələrindən biri oldu.
Konstitusiyamızın mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına verdiyi geniş təminatlardır. Konstitusiyada hər bir şəxsin qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, sosial təminat və digər fundamental hüquqlar təsbit olunmuşdur. Bu prinsiplər dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, cəmiyyətin davamlı inkişafına da xidmət edir.
Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Konstitusiyamızın müəyyən etdiyi dövlətçilik prinsipləri daha da möhkəmlənmiş, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Konstitusiyaya edilən əlavə və dəyişikliklər də dəyişən ictimai-siyasi reallıqlara uyğun olaraq idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə və dövlət institutlarının fəaliyyətinin gücləndirilməsinə yönəlmişdir.
Bu gün Azərbaycan dövlətçiliyi tarixinin ən mühüm nailiyyətlərindən biri də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar olmuşdur. Bu, Azərbaycan dövlətçiliyinin qüdrətinin, milli birliyimizin və qətiyyətli siyasətimizin təntənəsidir.
Təsadüfi deyil ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm Konstitusiyamızın qəbulunun 30 illiyinin, həm də suverenliyimizin tam bərpasının tarixi əhəmiyyətini bir daha ön plana çıxardı. Bu qərar dövlətçilik irsimizə ehtiramın, milli suverenliyimizin və konstitusion dəyərlərimizin qorunmasına verilən yüksək önəmin ifadəsidir.
Konstitusiyamızın prinsiplərinə sadiqlik, qanunun aliliyinin təmin edilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi bundan sonra da Azərbaycanın inkişaf yolunun əsas istiqamətlərini təşkil edəcəkdir.
Fatma Yıldırım
Milli Məclisin deputatı