Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Xocavənd, 17 noyabr, AZƏRTAC
17 Noyabr – Milli Dirçəliş Günündə Xocavənd torpağı öz əzəli sakinlərini, doğma sahiblərini qarşılayır. Onilliklər boyu davam edən yurd həsrəti artıq vüsal sevinci ilə əvəzlənib. Bu gün Xocavəndə ayaq basan hər bir keçmiş məcburi köçkünün üzündə həm illərin nisgilinin bitməsindən doğan rahatlıq, həm də azad Vətənə qovuşmağın böyük qüruru oxunur. Burada hər ailənin öz xatirəsi, öz mübarizə yolu və gələcəyə dair işıqlı arzuları var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğma el-obasına qovuşan sakinlərdən biri də Lena Nəsirovadır. Onun üçün bugünkü qayıdış həm tarixi günə, həm də ailəsinin ən əziz sevincinə təsadüf edib.
Vaxtilə məcburi köçkün düşəndə ailədə dörd nəfər - atası, anası, bir yaşlı körpə qızı və özünün olduğunu xatırladan Lena xanım əvvəlcə Ağcabədi rayonunun Avşar kəndində, daha sonra Göyçayda məskunlaşdıqlarını deyir: “Çox yer dəyişdik, çox əziyyətlər çəkdik. Amma nə qədər çətin olsa da, bir gün Xocavəndə qayıdacağımıza ümidimiz heç vaxt sönmədi. Sağ olsun Prezidentimiz, əvvəlcə bizi 500 ailəlik qəsəbədə evlə təmin etdi, bir müddət orada yaşadıq. İndi isə Xocavənd şəhərində bizə yeni ev verilib, öz doğma elimizə, obamıza köçürük. Bu gün qızım, kürəkənim və iki nəvəmlə birlikdə beş nəfərlik ailə kimi doğma torpağımıza qayıtmışıq. Bu gün mənim üçün ikiqat, hətta üçqat bayramdır. Həm 17 Noyabr – Milli Dirçəliş Günüdür, həm bu gün ikinci nəvəmin 7 yaşı tamam olur, həm də biz doğma yurdumuzda yeni evimizə qovuşuruq. Bura gələndə, doğma yurdun təmiz havasını, suyunu görəndə elə bildim ki, dünyaya yenidən gəldim. Bizi bu günlərə qovuşduran dövlətimizə minnətdaram, Allah köməkləri olsun”.
Digər müsahibimiz Aygün İbrahimova isə doğma torpağa ayaq basdığı ilk andan keçirdiyi dərin həyəcanı gizlədə bilmir: “Cənnət Qarabağımıza, illərlə həsrət qaldığımız doğma vətənimizə qovuşmuşuq. İnanın ki, insan buraya gələndə həyəcandan tükləri biz-biz olur, böyük qürur hissi yaşayır”.
Xocavənddən məcburi köçkün düşəndə 30 yaşında olan Aygün xanım Bakıda yaşadığı illərdə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün yorulmadan çalışdığını bildirir. O, tariximizi, qəhrəman oğullarımızı və abidələrimizi tanıtmaq məqsədilə “Qarabağ harayı” İctimai Birliyini və Azərbaycan, rus, ingilis dillərində nəşr olunan “Dünyaya Qarabağ harayı” jurnalını təsis edib. Hazırda rəhbərlik etdiyi “Dünya Türk Ocaqları” təşkilatının Türkiyə, Niderland, Almaniya və Polşada filiallarının fəaliyyət göstərdiyini deyən müsahibimiz xaricdəki soydaşlarımızın da ən böyük arzusunun azad Qarabağı görmək olduğunu vurğulayır.
Ailəsi Qarabağ torpaqları uğrunda altı şəhid verən Aygün İbrahimova Xocavəndə gələn kimi ilk işinin bibisi oğlu, Qarabağın ilk şəhidlərindən olan Arif Məmmədovun məzarını ziyarət etmək olduğunu söyləyir: “Onun məzarını tapanda elə bildim ki, Arif yenidən həyata qayıtdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu gün iki subay oğlumla birlikdə doğma yurdumuza qayıtmışıq. Vaxtilə buradan 1 yaş 3 aylıq körpə kimi çıxan böyük oğlumun artıq dörd övladı var, özü də iş adamıdır. İnşallah, tezliklə o da buraya köçəcək, iş yerləri açaraq el-obamıza fayda verəcək. Mən də təşkilatımın bayraqlarını, jurnallarımı özümlə gətirmişəm, burada fəaliyyətimi davam etdirəcəyəm”.
Noyabrın 12-də - Konstitusiya Günündə püşkatmada yeni evinin nömrəsini çəkdiyini, 17 Noyabr – Milli Dirçəliş Günündə isə doğma ocağına köçdüyünü deyən Aygün xanım özünü dünyanın ən xoşbəxt insanı hiss etdiyini, bizi bu günlərə qovuşduran Prezidentimizlə fəxr etdiyini dilə gətirir.
Doğma yurdu 4 yaşında tərk edən, bu gün isə 13 yaşlı övladı ilə birlikdə Xocavəndə qayıdan Şəhriyar Məmmədov üçün də bu qayıdış xüsusi məna daşıyır. O, bu tarixi günə görə şəhidlərimizə borclu olduqlarını vurğulayır: “Allah şəhidlərimizə rəhmət eləsin, Qarabağa qayıtmağımız onların bizə ən böyük hədiyyəsidir. Müzəffər Ali Baş Komandanımıza da cansağlığı arzulayıram. Ömür boyu yuxularımızda belə Qarabağı düşünmüşük. Valideynlərimiz bizə hər zaman deyirdi ki, bir gün mütləq Qarabağa qayıdacağıq. Bu inamla yaşadıq və nəhayət ki, arzumuza çatdıq. Uşaqlıq xəyallarımda canlandırdığım Qarabağla bu gün canlı şahidi olduğum dirçəliş arasında böyük fərq var — bura indi daha gözəldir”.
Vaxtilə ailədə beş nəfərlə yurdlarından didərgin düşdüklərini xatırladan Şəhriyar Məmmədov bu gün özünün üç nəfərdən ibarət ailəsi ilə qayıtdığını, digər doğmalarının da mərhələli şəkildə torpaqlarımıza dönəcəyini bildirir. Övladının təhsilini artıq azad Qarabağda davam etdirəcəyinə görə fərəh hissi keçirən müsahibimiz Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində yaradılan şəraitlə tanış olduğunu da deyir: “İnşallah, övladlarımız burada məktəbi bitirib ali təhsillərini də elə Qarabağ Universitetində davam etdirərlər. Biz də burada yaşayıb-yaradaraq vətənimizə ləyaqətlə xidmət edəcəyik”.
Beləliklə, 17 Noyabr – Milli Dirçəliş Günündə Xocavəndə qayıdan ailələrin timsalında azad Qarabağın yeni intibah və quruculuq salnaməsi yazılır. İllər əvvəl həsrət və nisgillə yarımçıq qalmış ömür hekayələri indi doğma torpağın qucağında uşaq gülüşləri, yenidən qalanan ocaqların istisi və böyük sabahlara olan sarsılmaz inamla davam edir. Xocavəndə dönən hər bir sakin bu müqəddəs yurdun əbədi sahibləri kimi gələcəyə inamla baxır.
Müxbir – Aydın Yavərzadə