Konstitusiya Məhkəməsi Aparatının hesabatı

31.01.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 30-da Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclası olub.

Fərhad Abdullayev iclası açaraq bildirib ki, ötən il Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisə - İkinci Qarabağ müharibəsində tarixi Zəfərin beşinci və müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin otuzuncu ildönümü kimi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı sərəncamını rəhbər tutaraq Konstitusiya Məhkəməsi hesabat ili ərzində bir sıra tədbirlər həyata keçirib. Sədr xüsusilə vurğulayıb ki, Konstitusiyanın 30 illik yubileyinə həsr olunan iyulun 16-da və noyabrın 12-də keçirilmiş beynəlxalq konfranslar və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi ötən ilin yaddaqalan hadisələrindəndir.

Sədr Fərhad Abdullayev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi respublikamızın bütün ərazisində bərqərar edilib. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib.

Qeyd olunub ki, ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları və məhkəmələrin müraciətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul olunub. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarını rəsmi şərh edib, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktik izahlar verib.

Diqqətə çatdırılıb ki, hazırda Konstitusiya Məhkəməsi daxilində tətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb. Yeni sistem informasiya təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqla yanaşı, bir sıra əsas vəzifələri də həyata keçirəcək, internetə çıxış olmadan süni intellektdən istifadə etməklə məlumatların çevik axtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlar arasında operativ sənəd mübadiləsinin təşkili iş prosesini xeyli sadələşdirəcək.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Sonra 2025-ci ilin yekunlarına dair geniş fikir mübadiləsi aparılıb, eləcə də, səsləndirilən rəy və təkliflər dinlənilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью